Tokayev mesajı çatdırdı, amma tərəflər razılaşacaqmı? – ŞƏRH

Pərviz Əliyev Tokayevin Ukrayna çağırışı ilə ABŞ–İran atəşkəs təşəbbüsü arasındakı oxşarlığı və razılaşma qarşısındakı maneələri təhlil edib.

62

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynadakı müharibənin dondurulmasını və sülh danışıqlarının “İstanbul formulu 2.0” çərçivəsində bərpa edilməsini təklif edib.

“Reuters” yazır ki, Tokayev bu təklifi Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən forumda səsləndirib. Rusiya tərəfi isə müharibənin dayandırılması üçün Kiyevin Moskvanın irəli sürdüyü şərtləri qəbul etməli olduğunu bildirib.

Eyni dövrdə ABŞ və İran arasında müvəqqəti atəşkəsin əldə edilməsi və iyunda imzalanmış Anlaşma Memorandumunun yenidən qüvvəyə minməsi istiqamətində diplomatik təşəbbüslər intensivləşib. “Reuters” vasitəçilərin tərəflərə 10 günlük atəşkəs təklif etdiyini, “Associated Press” isə ABŞ və İranın qarşılıqlı hücumlara fasilə verdiyini bildirir.

Çin üzrə mütəxəssis və siyasi araşdırmaçı Pərviz Əliyevin fikrincə, Ukrayna və Yaxın Şərq üzrə irəli sürülən təşəbbüslərin oxşar vaxtda gündəmə gəlməsi diqqətdən yayınmamalıdır.

Hər iki təklifin arxitekturası demək olar ki, eynidir: əvvəlcə atəşkəs, sonra mövcud vəziyyətin sabitləşdirilməsi və daha sonra əvvəlki danışıqlar çərçivəsinə qayıdış. Ukrayna məsələsində İstanbul formatı, ABŞ–İran qarşıdurmasında isə iyun memorandumu əsas götürülür. Bu qədər sinxronluğun tamamilə təsadüfi olduğunu düşünmək çətindir”, – deyə Pərviz Əliyev bildirib.

ABŞ-ın mümkün razılaşmaya Yəmən, Husi hərəkatı və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı şərtlər daxil etmək istədiyinə dair açıq rəsmi təsdiq yoxdur. Bununla belə, İrana yaxın Husi qüvvələrinin Səudiyyə Ərəbistanının neft obyektlərinə və Qırmızı dənizdəki marşrutlara hücumları Bab əl-Məndəb boğazını ABŞ–İran danışıqlarının mümkün mövzularından birinə çevirib.

Əliyev hesab edir ki, əsas məqsəd ayrı-ayrı münaqişələri həll etməkdən daha çox, qlobal enerji və nəqliyyat sistemində yaranan təhlükəni azaltmaq ola bilər:

Ukrayna müharibəsi Qara dənizdəki logistika marşrutlarına, ABŞ–İran qarşıdurması isə Hörmüz və Bab əl-Məndəb boğazlarına birbaşa təsir göstərir. Xəzər dənizində yaşanan son hadisələri də nəzərə aldıqda, eyni vaxtda bir neçə strateji marşrutun risk altına düşdüyünü görürük. Buna görə atəşkəs tələbi yalnız dövlətlərdən deyil, qlobal ticarətin davamlılığında maraqlı olan maliyyə mərkəzləri, neft şirkətləri, sığortaçılar və əsas treyderlərdən də qaynaqlana bilər”.

Siyasi araşdırmaçının fikrincə, Qazaxıstanın Rusiya, Çin və Avropa ilə paralel əlaqələri Tokayevi mümkün vasitəçilik təşəbbüsləri üçün uyğun siyasi fiqura çevirir.

Tokayev bu quruluşda mesajı çatdırmaq üçün ideal vasitəçi təsiri bağışlayır. Qazaxıstan Moskva ilə müttəfiqlik münasibətlərini qoruyur, Çinlə geniş strateji əməkdaşlığa malikdir və eyni zamanda Avropa ilə iqtisadi əlaqələrini inkişaf etdirir. Buna görə Astananın səsləndirdiyi təklif yalnız Qazaxıstanın şəxsi təşəbbüsü olmaya bilər”, – Əliyev qeyd edib.

Lakin ekspert razılaşmanın qarşısındakı əsas maneənin müharibə edən tərəflərin qazandığı hərbi-siyasi təsir imkanları olduğunu düşünür:

İranın Yəmən və Qırmızı dəniz istiqamətindəki təzyiq imkanlarından könüllü şəkildə imtina etməsi çətin görünür. Rusiya isə Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmadığını düşündüyü halda, sadəcə cəbhə xəttini donduran razılaşmanı qəbul etməyə bilər. Yəni Tokayev mesajı çatdırdı, amma həmin mesajın tərəfləri razı salması hələlik az ehtimallıdır”.

Beləliklə, Tokayevin təşəbbüsü mümkün danışıqların ümumi siyasi modelini ortaya qoysa da, həm Ukrayna, həm də Yaxın Şərqdə tərəflərin mövcud üstünlüklərini itirmək istəməməsi atəşkəsin davamlı sülhə çevrilməsini çətinləşdirir.