Bolqarıstan Avropa İttifaqının sanksiyalarına veto qoya bilər

Bolqarıstan Rusiyaya qarşı 21-ci Aİ sanksiyalar paketinə veto qoyacağı ilə hədələyib. Sofiya “Lukoyl”, Sofiya metrosu, gübrə tədarükü və Rus Pravoslav Kilsəsi ilə bağlı riskləri əsas gətirir.

24

Bolqarıstan Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə veto qoya biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, “Reuters” Bolqarıstan Baş naziri Rumen Radevin açıqlamasına istinadən Sofiyanın yeni sanksiyalar paketinə qarşı çıxdığını yazır. Radev bildirib ki, sənəd Bolqarıstan iqtisadiyyatı üçün risk yarada və ölkənin bəzi həyati sahələrinə mənfi təsir göstərə bilər.

Radevin sözlərinə görə, əsas narahatlıq “Lukoyl”un Bolqarıstandakı fəaliyyəti ilə bağlıdır. Rusiya şirkəti ölkədə böyük yanacaq pərakəndə şəbəkəsinə malikdir və Bolqarıstanın yeganə neft emalı zavodu olan Burqas NEZ-i idarə edir.

Bolqarıstan hökuməti həmçinin Sofiya metrosu üçün ehtiyat hissələrinin tədarükündə mümkün problemlərdən və gübrə təminatında yarana biləcək fasilələrdən narahatdır.

Radev qeyd edib ki, Sofiya paketdən Bolqarıstan iqtisadiyyatı üçün təhlükəli hesab edilən məhdudiyyətlərin çıxarılmasını istəyir. Onun sözlərinə görə, bütün bu məsələlər Aİ-nin qərarverici qurumlarında müzakirə olunmalıdır.

Bolqarıstan Rus Pravoslav Kilsəsinin nümayəndələrinə qarşı sanksiyalarla da razılaşmır. “Euronews” yazır ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin adı da Aİ-nin yeni sanksiya təklifinə daxil edilib. Brüssel onu Rusiyanın Ukraynaya qarşı müharibəsini əsaslandıran təbliğatda rol oynamaqda ittiham edir.

Radev isə bildirib ki, müharibənin artıq iqtisadiyyat, enerji, mədəniyyət və idmandan kənara çıxaraq din sahəsinə də sirayət etməsi qəbuledilməzdir. O, Bolqarıstanın Rus Kilsəsinin yüksək nümayəndələrinə qarşı sanksiyalarla razılaşmadığını vurğulayıb.

“Reuters” daha əvvəl yazmışdı ki, Aİ-nin 21-ci sanksiyalar paketi Rusiyanın bank sektorunu, kripto şəbəkələrini, dron istehsalını, neft ticarətçilərini və emalçılarını hədəfə alır. Paket çərçivəsində 170 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur.

Aİ sanksiyalarının qəbul edilməsi üçün bütün üzv ölkələrin yekdil razılığı tələb olunur. Buna görə də Bolqarıstanın mümkün vetosu paket üzrə danışıqları ləngidə və sənədin bəzi bəndlərinin dəyişdirilməsinə səbəb ola bilər.

Bununla belə, Radev Bolqarıstanın Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarına mane olmayacağını bildirib. O, Sofiyanın Kiyevin Aİ-yə inteqrasiya prosesi ilə bağlı ümumi qərarları dəstəkləyəcəyini qeyd edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930