Rusiyalılar banklardan rekord həcmdə pul çıxarırlar

“The Washington Post”un məlumatına görə, 2026-cı ilin əvvəlindən Rusiya banklarından çıxarılan nağd vəsait 24,7 milyard dolları ötüb. Artan pul axını bəzi banklarda likvidlik problemləri yaradır.

48

Rusiyada əhalinin bank hesablarından nağd vəsait çıxarması 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonrakı ən yüksək səviyyəyə çatıb. 2026-cı ilin əvvəlindən çıxarılan vəsait artıq 2 trilyon rublu — təxminən 24,7 milyard dolları ötüb. 

MSNews.az xəbər verir ki, “The Washington Post” Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən təkcə avqustun ilk iki həftəsində 286,4 milyard rubl — təxminən 3,4 milyard dollar çıxarıldığını yazır. İyulda bu göstərici 7,3 milyard dollar, iyunda isə 4,5 milyard dollardan çox olub.

“Sberbank”ın maliyyə direktoru Taras Skvortsov mövcud tendensiya davam edərsə, 2026-cı ildə banklardan çıxarılan vəsaitin müharibənin ilk ilində qeydə alınmış göstəricini təxminən iki dəfə üstələyə biləcəyini bildirib. Skvortsov və “The Washington Post”a danışan keçmiş yüksək vəzifəli Rusiya maliyyə rəsmisi pul çıxarışlarının artıq bəzi banklarda likvidlik problemləri yaratdığını deyiblər.

Bank sektorunda təzyiq yalnız əmanətlərin çıxarılması ilə məhdudlaşmır. “Reuters” daha əvvəl “Sberbank”ın borcalanların maliyyə vəziyyətinin pisləşməsi və problemli kreditlərin artması fonunda 2026-cı il üçün korporativ kreditləşmə proqnozunu azaltmağa hazırlaşdığını bildirmişdi.

Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko isə pul çıxarışlarını əhali arasında maliyyə sisteminə inamsızlığın artması ilə əlaqələndirib. Onun fikrincə, insanlarda hakimiyyətin gələcəkdə bank əmanətləri ilə bağlı sərt tədbirlər görə biləcəyi qorxusu var. Prokopenko əmanətlərin milliləşdirilməsini az ehtimallı saysa da, pul çıxarışlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsini tam istisna etməyib.

Müqayisə üçün, 2022-ci ilin fevralında genişmiqyaslı müharibənin ilk iki həftəsində Rusiya bank sistemindən təxminən 23 milyard dollar çıxarılmışdı. Hökumət həmin vaxt kapital hərəkətinə sərt nəzarət və yüksək faiz dərəcələri tətbiq etməklə axını dayandıra bilmişdi. 2026-cı ildə isə ilin ilk səkkiz ayı tamamlanmadan çıxarılan ümumi məbləğ müharibənin ilk ilindəki 24,7 milyard dollarlıq göstəricini artıq keçib.

Bununla yanaşı, iri biznes də kapitalın bir hissəsini ölkədən çıxarır. “The Washington Post” Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən 2026-cı ilin ikinci rübündə 9,4 milyard dollardan çox vəsaitin Rusiyadan xaricə köçürüldüyünü bildirir. Bu göstərici əhalinin banklardan nağd pul çıxarması ilə eyni statistika deyil, lakin maliyyə sistemindəki ümumi təzyiqi artıran əlavə amil kimi göstərilir.

Rusiya Mərkəzi Bankı isə nağd pula tələbin artmasının öz-özlüyündə pul kütləsinin azalması anlamına gəlmədiyini vurğulayır. Bank rəhbərliyi iyunda bildirmişdi ki, hesabdan nağd pul çıxarılması vəsaitin yalnız saxlanma formasını dəyişir və bunun inflyasiyaya birbaşa təsiri yoxdur.