Ukrayna ordusu Rostova kütləvi PUA hücumu edib

Rusiyanın Rostov vilayətinin Matveyev-Kurqan rayonunda PUA hücumundan sonra yanacaq anbarında yanğın baş verib. Yerli hakimiyyət yaxınlıqdakı evlərin sakinlərinin təxliyə edildiyini bildirib.

7

Rusiyanın Rostov vilayətinin Matveyev-Kurqan rayonunda gecə saatlarında PUA hücumundan sonra yanacaq anbarında yanğın baş verib.

MSNews.az xəbər verir ki, “Interfax” Rostov vilayətinin qubernatoru Yuri Slyusara istinadən yazıb ki, hadisə PUA qalıqlarının düşməsi nəticəsində baş verib. Qubernatorun sözlərinə görə, yanğın kənd təsərrüfatı istehsalçılarını yanacaqla təmin edən özəl müəssisənin ərazisindəki yanacaq anbarında qeydə alınıb.

Yerli hakimiyyət yaxınlıqdakı fərdi yaşayış evlərinin sakinlərinin təhlükəsizlik məqsədilə təxliyə edildiyini bildirib. Hadisə yerinə yanğınsöndürən qatar cəlb olunub. İlkin məlumata əsasən, xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Forbes Russia”ın məlumatına görə, Rostov vilayəti gecə ərzində kütləvi PUA hücumuna məruz qalıb və regionda 50-dən çox pilotsuz uçuş aparatının məhv edildiyi açıqlanıb. Matveyev Kurqan qəsəbəsində hücum nəticəsində aptek, iki mağaza və bir avtomobilə də ziyan dəydiyi bildirilir.

Anadolu Agentliyi” də qubernatorun açıqlamasına istinadən Rostov vilayətinin doqquz rayonunda 50-dən çox PUA ilə hücumun dəf edildiyini yazıb. Məlumata görə, regionda PUA təhlükəsi bir müddət davam edib və mülki infrastruktur obyektlərində zədələnmələr qeydə alınıb.

Ukrayna mediası və monitorinq kanalları hadisə yerində güclü yanğının baş verdiyini, hədəfin neft bazası ola biləcəyini yazıb. Lakin Rusiya rəsmiləri rəsmi açıqlamalarda obyekti “yanacaq anbarı” kimi təqdim edib. Hadisə ilə bağlı Ukrayna tərəfinin rəsmi açıqlaması hələlik təsdiqlənməyib.

Associated Press” son günlər Ukraynanın Rusiya enerji infrastrukturuna qarşı hücumlarını artırdığını, Rostov vilayətində yanacaq anbarında yanğın, Saratovda isə neft emalı müəssisəsində zədələnmə qeydə alındığını yazıb. Agentlik bu hücumların Rusiya-Ukrayna müharibəsi fonunda enerji obyektlərinin yenidən əsas hədəflərdən birinə çevrildiyini qeyd edib.