Türkiyədə zavodda güclü partlayış: 10 ölü, 15 yaralı var

Türkiyənin İzmir vilayətində HABAŞ metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 10-a yüksəlib, 15 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 4 işçinin axtarışı davam edir.

14

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Demir Çelik metallurgiya zavodunda güclü partlayış baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 10 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Dağıntılar altında qala biləcəyi ehtimal olunan daha 4 işçinin axtarışı davam edir.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 9-da yerli vaxtla saat 12:00 radələrində baş verib. Partlayışdan sonra müəssisədə yanğın başlayıb və əraziyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım, polis və axtarış-xilasetmə briqadaları cəlb olunub.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

İlkin açıqlamada İzmir Valiliyi 3 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 14 nəfərin yaralandığını və 10 işçinin dağıntılar altında qaldığını bildirmişdi.

Lakin hadisə yerinə gələn İzmir valisi Süleyman Elban sonradan ölənlərin sayının 10-a, yaralıların isə 15-ə yüksəldiyini açıqlayıb. Onun sözlərinə görə, yaralılardan 4-nün vəziyyəti ağırdır. “Demirören Haber Ajansı” və “TRT Haber” yenilənmiş rəqəmləri təsdiqləyib.

Qəzanın ilkin səbəbi ilə bağlı da yeni məlumatlar açıqlanıb. Valinin bildirdiyinə görə, zavodda avadanlığın dəyişdirilməsi işləri aparılarkən körpü kranı qopub və metal konstruksiyalar elektrik qövs sobasına düşüb. Düşən materialların təbii qaz xəttinə zərər vurması nəticəsində güclü partlayış baş verib. Hadisə zamanı istehsal prosesi dayandırılmış vəziyyətdə olub.

Partlayış nəticəsində yaranan yanğın söndürülsə də, dağıntılar altında daha 4 nəfərin ola biləcəyi ehtimal edilir. Xilasedicilər zavodun geniş ərazisində axtarışları davam etdirirlər.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan hadisənin araşdırılması üçün baş müfəttiş təyin edildiyini açıqlayıb. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə inzibati və cinayət-prosessual araşdırmalara başlanılıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti