Ermənistan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu açıqladı

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkəsinin Türkiyə ilə diplomatik münasibətlərin qurulması və quru sərhədinin açılması üçün hazır olduğunu bildirib. İrəvan prosesi Azərbaycanla sülh və bütövlükdə Cənubi Qafqazda sabitlik kontekstində nəzərdən keçirir.

78

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkəsinin Türkiyə ilə diplomatik münasibətlərin qurulması və quru sərhədinin açılması üçün bütün zəruri addımları atdığını bildirib.

MSNews.az xəbər verir ki, Xaçaturyan bunu Çexiyaya 2-4 sentyabr tarixlərində baş tutan rəsmi səfərinin yekunlarına dair mətbuat konfransında açıqlayıb.

Xaçaturyanın sözlərinə görə, Ermənistan sərhədin “istənilən vaxt, hətta indi” açılmasına hazırdır. O bildirib ki, sərhəd-keçid məntəqələrində insanların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün tələb olunan infrastruktur işləri görülüb.

“Biz sərhədləri həqiqətən açmaq və diplomatik münasibətlər qurmaq üçün hər şeyi edirik. Diplomatik fasilə götürülüb və yalnız Ermənistan-Türkiyə münasibətlərini inkişaf etdirməyəcək, həm də bütövlükdə regionda sülh yaradacaq həll yolu tapmağa çalışırıq”, – Ermənistan prezidenti bildirib.

Xaçaturyan hələ sentyabrın 3-də Çexiya Prezidenti Petr Pavellə birgə mətbuat açıqlamasında da yaxın gələcəkdə diplomatik münasibətlərin qurulacağına və sərhədlərin açılacağına ümid etdiyini demişdi. O, bu prosesin regionda gərginliyin azalmasına və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

Ermənistan rəhbərliyi Türkiyə ilə normallaşmanı Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasından ayrı proses kimi görmür. Xaçaturyanın sözlərinə görə, məqsəd yalnız İrəvan-Ankara münasibətlərini deyil, bütövlükdə regionda davamlı sülh və qarşılıqlı etimadı formalaşdırmaqdır.

Ermənistan və Türkiyə 2022-ci ildə sərhədin ilkin mərhələdə üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəlmişdilər. Lakin həmin razılaşma indiyədək tam həyata keçirilməyib.

2026-cı ilin yanvarından isə iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün elektron vizaların pulsuz verilməsi tətbiq olunmağa başlayıb. Hər iki tərəf bu qərarı tam normallaşmaya doğru addım kimi təqdim edib.

Bundan əlavə, Türkiyə may ayında Ermənistanla ikitərəfli ticarətə tətbiq olunan məhdudiyyətlərin götürülməsi barədə qərar qəbul edib. İrəvan bunu sərhədin tam açılması və diplomatik münasibətlərin qurulması istiqamətində növbəti praktiki addım kimi qiymətləndirib.

Ankara da rəsmi mövqeyində Ermənistanla münasibətlərin “mərhələli və etimad yaradan addımlar” vasitəsilə normallaşdırılmasını dəstəklədiyini bildirir, lakin prosesi regiondakı ümumi siyasi inkişaflarla əlaqəli şəkildə nəzərdən keçirir.

Türkiyə-Ermənistan quru sərhədi 1993-cü ildən bağlıdır və iki ölkə arasında bu günədək tam diplomatik münasibətlər qurulmayıb. Hazırkı açıqlamalara baxmayaraq, sərhədin faktiki açılacağı tarix barədə Ankara və İrəvan hələ birgə qərar elan etməyiblər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.