İran Azərbaycanın 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etməsinə etirazını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu qərarı iki ölkə arasındakı dostluq münasibətlərinə uyğun olmayan addım kimi qiymətləndirib.
MSNews.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayinin açıqlamasına əsasən, məsələ ilə əlaqədar Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz çatdırılıb.
Bəqayi bildirib ki, Tehran Azərbaycanın 14 İran vətəndaşı barəsində qəbul etdiyi qərarı dostcasına addım hesab etmir. Onun sözlərinə görə, İran bundan sonra da zəruri hesab etdiyi tədbirləri görmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, noyabrın 3-də 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edildiyi və ölkəyə girişinə qadağa qoyulduğu barədə məlumat yayılıb. Qərar həmin şəxslərin mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirməsi və düşmənçiliyi təşviq etməsi ilə əsaslandırılıb.
Siyahıya İran parlamentinin bir sıra üzvləri, din xadimləri, siyasi ekspertlər və media nümayəndələri daxil edilib. Onların arasında Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Əlirza Səlimi, Hüseyn Şəriətmədari və Möhsün Əraki də var.
Azərbaycan tərəfinin qərarı barədə yayılan məlumatlarda bəzi İran vətəndaşlarının ölkənin suverenliyi və təhlükəsizliyinə qarşı çıxışlar etdiyi, dini düşmənçiliyi qızışdırdığı və hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar səsləndirdiyi iddia olunub.