Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər etməyi planlaşdırır. O, Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində təşkil olunacaq Dünya Liderləri Sammitində iştirak edəcək.
MSNews.az xəbər verir ki, Paşinyan Türkiyəyə səfər planını noyabrın 5-də hökumət iclasından sonra jurnalistlərə açıqlamasında təsdiqləyib.
Bu barədə “Armenpress” və “Anadolu Agentliyi” məlumat yayıb.
“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getmək planım var”, – deyə Ermənistanın Baş naziri bildirib.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanı sammitə sentyabr ayında Nyu-Yorkda keçirilən görüş zamanı dəvət edib. Həmin görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar da müzakirə olunub.
Noyabrın 9-dan 20-dək Antalyada təşkil olunan COP31-in Dünya Liderləri Sammiti 11–12 noyabr tarixlərində keçiriləcək. Tədbirdə dövlət və hökumət başçılarının iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmələri nəzərdə tutulur. Sammitin açılışına Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.
Paşinyanın səfəri Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdiyi dövrə təsadüf edir. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələləri uzun müddətdir müzakirə olunur.
Bununla belə, Paşinyanın Antalya səfəri zamanı Ərdoğanla ayrıca ikitərəfli görüş keçirib-keçirməyəcəyi barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri bundan əvvəl 2025-ci il iyunun 20-də Türkiyəyə işgüzar səfər etmişdi.