Zelenskinin müşavirinin qardaşı Rusiya tərəfində döyüşərkən həlak olub

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Mixail Podolyakın böyük qardaşı Vladimir Podolyakın Rusiya tərəfində döyüşərkən öldüyü bildirilir. Sızdırılmış sənədlərə əsasən, rusiyalı polkovnik 2024-cü ilin mayında Zaporojye vilayətində həlak olub.

17

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş müşaviri Mixail Podolyakın böyük qardaşı Vladimir Podolyakın Rusiya ordusu tərəfində Ukraynaya qarşı müharibədə iştirak edərkən həlak olduğu bildirilir. Sızdırılmış sənədlərə görə, Rusiya ordusunun polkovniki olan 59 yaşlı Podolyak 2024-cü il mayın 19-da Zaporojye vilayətində ölüb.

MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi itkilərini araşdıran “Killed in Ukraine” (KIU) layihəsi Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumat bazasından sızdırılmış sənədlərə istinadən məlumat yayıb. Araşdırmanın nəticələrini noyabrın 9-da “Mediazona” nəşri ictimailəşdirib.

Sənədlərə əsasən, Vladimir Podolyak 2024-cü il mayın 19-da Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Kirillovka qəsəbəsində kəllədaxili travma nəticəsində həyatını itirib. Ölümün hərbi əməliyyatlar zamanı alınmış xəsarətlərlə əlaqəli olduğu göstərilsə də, hadisənin dəqiq şəraiti açıqlanmayıb.

“Killed in Ukraine” layihəsi Podolyakın məzarını hələ 2024-cü ilin iyununda aşkarlayıb. Məzarın üzərindəki portretdə o, Rusiya ordusunun polkovniki formasında təsvir olunub. Uniformasında iki “İgidliyə görə” ordeni və “Hərbi kəşfiyyatda xidmətə görə” döş nişanı da daxil olmaqla müxtəlif təltiflər görünür.

Araşdırmaçılar məzarın yaxınlığında “ÇPS kollektivindən” yazılmış əklil də aşkar ediblər. Ehtimal olunur ki, bu abreviatura Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) mütəxəssis hazırlığı mərkəzinə aiddir. Bununla belə, Vladimir Podolyakın konkret hansı hərbi kəşfiyyat bölməsində xidmət etdiyi müstəqil şəkildə təsdiqlənməyib.

“Zerkalo” nəşrinin məlumatına görə, Mixail Podolyak daha əvvəl qardaşının Rusiyada yaşadığını təsdiqləyib, lakin onunla əlaqə saxlamadığını bildirib. O, 2021-ci ildə verdiyi müsahibədə böyük qardaşını “çoxdan adi hərbi təqaüdçü” kimi təqdim etmişdi.

Mixail Podolyak qardaşının ölümü barədə yayılan son məlumatlara hələ münasibət bildirməyib. Rusiya hakimiyyəti də Vladimir Podolyakın ölümü ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ölüm tarixi və şəraiti barədə məlumatlar sızdırılmış sənədlərə əsaslanır. Vladimir Podolyakın hansı şəraitdə öldüyü və döyüş əməliyyatlarında konkret rolu rəsmi şəkildə təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti