Remzi Sanverdən təxliyədən sonra ilk açıqlama

"Can Holding" istintaqı çərçivəsində təxminən səkkiz ay həbsdə qalan keçmiş İstanbul Bilgi Universiteti rektoru Remzi Sanver təxliyədən sonra açıqlama verib.

76

Keçmiş İstanbul Bilgi Universiteti rektoru Remzi Sanver təxliyəsindən sonra ilk dəfə ictimai açıqlama yayıb.

MSNews.az xəbər verir ki, “Can Holding” istintaqı çərçivəsində təxminən səkkiz ay həbsdə qalan Sanver sosial media hesabında ittihamlara münasibət bildirib. Sanver heç bir özəl sektor qurumu ilə peşəkar münasibət qurmadığını və universitetlərdən aldığı maaş, pensiya və ailəsindən qalan mütəvazi əmlak xaricində gəlirinin olmadığını bildirib.

Sanver açıqlamasında həbsin səbəbi kimi İstanbul Bilgi Universitetini idarə etməsinin göstərildiyini qeyd edib, lakin bununla razılaşmadığını vurğulayıb. O bildirib ki, 2016-cı ildən sonra universiteti idarə etmək səlahiyyəti verən heç bir vəzifədə olmayıb, resurslardan istifadə və universitet adına xərc qərarı vermək hüququna malik olmayıb.

Medyascope” yazır ki, Sanver “Can Holding” ilə hər hansı peşəkar əlaqəsinin olmadığını deyib. Onun sözlərinə görə, “Can Holding” adını yalnız 2019-cu ildə universitetə gəlməsindən sonra eşidib.

Sanver açıqlamasında prosesə görə “küsülü və ya qəzəbli olmadığını” qeyd edib və hüquqi mübarizəsinin mövcud prosedurların təkmilləşdirilməsinə töhfə verməsini arzuladığını bildirib. İstintaq üzrə ittihamlar məhkəmə qərarı ilə sübuta yetirilmədiyi müddətdə iddia xarakteri daşıyır.

Qeyd edək ki, Remzi Sanver həmçinin Türkiyə Böyük Mason Lojasının (“Hür ve Kabul Edilmiş Masonlar Büyük Locası”) Böyük Ustadıdır.