Viktor Orbanın qardaşı saxlanılıb?

Macarıstanda insan qaçaqmalçılığı və Şengen vizaları ilə bağlı genişmiqyaslı istintaq çərçivəsində Viktor Orbanın qardaşı Aron Orbanın saxlanıldığı iddia olunur. Baş nazir Peter Madyar məsələ ilə bağlı açıqlama verib, keçmiş hökumət başçısı isə araşdırmanı siyasi təqib adlandırıb.

15

Macarıstanda insan qaçaqmalçılığı və Şengen vizalarının qanunsuz əldə edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ölkənin sabiq Baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın saxlanıldığı iddia olunur. Polis genişmiqyaslı əməliyyat keçirildiyini təsdiqləsə də, saxlanılanlar arasında onun olub-olmadığını açıqlamayıb.

MSNews.az xəbər verir ki, noyabrın 9-da Macarıstanın Milli İstintaq Bürosu və Milli Aktivlərin Geri Qaytarılması və Mühafizəsi İdarəsi Budapeşt və Peşt bölgəsində bir neçə ünvanda əməliyyat keçirib.

“24.hu” nəşrinin məlumatına görə, əməliyyat nəticəsində dörd nəfər saxlanılıb. İstintaq onların 2024-cü ildə yüzdən çox Vyetnam vətəndaşının Şengen vizaları əldə edərək Qərbi Avropaya getməsinə kömək etmiş ola biləcəyini araşdırır.

Macarıstanın Baş naziri Peter Madyar sosial şəbəkədə yerli medianın məlumatlarına istinadən Aron Orbanın da insan qaçaqmalçılığı şübhəsi ilə saxlanıldığını bildirib. Lakin hüquq-mühafizə orqanları şübhəlilərin adlarını açıqlamayıb.

“Telex” nəşrinin araşdırmasına əsasən, Aron Orbanla əlaqəli şirkətin Vyetnam vətəndaşlarını Peç Universitetində təşkil edilən iki günlük təlim kurslarına yazdıraraq onların Macarıstan və Şengen vizaları almasını asanlaşdırdığı iddia olunur. Nəşr həmçinin polis əməkdaşlarının Aron Orbanın şirkəti ilə əlaqəli daşınmaz əmlak obyektində axtarış apardıqlarını bildirib.

Hadisəyə münasibət bildirən Viktor Orban istintaqın siyasi motivli olduğunu iddia edib. Sabiq Baş nazir noyabrın 9-da sosial şəbəkə hesabında yazıb:

“Hədəf mənəm, kiçik qardaşım isə sadəcə vasitədir”.

Orbanın fikrincə, hazırkı hökumət hüquq-mühafizə orqanlarından siyasi rəqiblərinə qarşı istifadə edir və ölkədə hesabatlılıq deyil, siyasi hesablaşma aparılır.

Macarıstanın hüquq-mühafizə qurumları isə əməliyyatın davam edən iki cinayət işi çərçivəsində həyata keçirildiyini bildirib. İstintaqda insan qaçaqmalçılığı ilə yanaşı, siyasi əlaqələrdən istifadə etməklə qanunsuz maddi üstünlük əldə edilməsi ehtimalı da araşdırılır.

Hazırda Aron Orbanın şəxsən saxlanıldığı və ya ona rəsmi ittiham irəli sürüldüyü təsdiqlənməyib. Araşdırmanın nəticələri barədə əlavə məlumatların açıqlanması gözlənilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti