Rusiyanın ən tanınmış müstəqil qəzetlərindən biri olan “Novaya qazeta” 33 illik fəaliyyətindən sonra bağlanıb. Noyabrın 9-da nəşrin əməkdaşları Moskvadakı redaksiya binasını tərk ediblər. Qəzet rəhbərliyi fəaliyyətin dayandırılmasını hakimiyyət və təhlükəsizlik strukturlarının uzunmüddətli təzyiqləri ilə əlaqələndirib.
MSNews.az xəbər verir ki, 1993-cü ildən fəaliyyət göstərən nəşrin bağlanması barədə qərar oktyabrın 30-da açıqlanıb. Redaksiya bildirib ki, Moskvada təxminən 30 il işlədiyi binadan çıxarılıb və oxucuların maliyyə dəstəyini qəbul etmək imkanı əlindən alınıb.
Mənbələr: “Reuters” və “Associated Press”.
“Novaya qazeta” 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra çap fəaliyyətini dayandırmışdı. Həmin il məhkəmə qəzetin media qeydiyyatını ləğv etmiş, internet resurslarına məhdudiyyətlər tətbiq olunmuşdu. Buna baxmayaraq, jurnalistlər Rusiyada fəaliyyətlərini davam etdirirdilər. 2026-cı ilin sentyabrında isə nəşr “xarici agent” elan edilib.

Qəzetin fəaliyyəti ərzində onunla əlaqəli altı jurnalist, hüquq müdafiəçisi və əməkdaş öldürülüb. Onların arasında İqor Domnikov, Yuri Şekoçixin, Anna Politkovskaya, Anastasiya Baburova, Stanislav Markelov və Natalya Estemirova var. Son iş günündə redaksiya əməkdaşları onların portretlərini binanın divarlarından endiriblər.
2021-ci ilin Nobel Sülh Mükafatı laureatı, qəzetin həmtəsisçisi və keçmiş baş redaktoru Dmitri Muratov vida mərasimində Rusiyadakı siyasi məhbusların taleyinə diqqət çəkib. O, Ukraynanın Xerson vilayətindəki Oleşki ətrafında yerləşən yaşayış məntəqələrinin sakinləri üçün yeni humanitar dəhlizlərin yaradılmasına çağırıb.
Kreml isə qəzetin bağlanmasını fövqəladə hadisə hesab etmədiyini bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib:
“İldən-ilə bəzi KİV-lər fəaliyyətini dayandırır, onların yerini yeniləri tutur. Bu, adi rotasiya prosesidir”.
Peskov Rusiyada müstəqil medianın dövrünün başa çatması barədə fikirlərlə də razılaşmayıb. Onun sözlərinə görə, ölkənin media mühiti müxtəlifdir və rəqabət şəraitində inkişaf edir.
“Meduza” yazır ki, noyabrın 9-da redaksiyada sonuncu iclas keçirilib. Daha sonra əməkdaşlar binanı alqışlar altında tərk ediblər.
Qəzetin hazırkı baş redaktoru Sergey Sokolov isə nəşrin gələcəkdə yenidən fəaliyyətə qayıda biləcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, 2022-ci ildə xaricdə yaradılmış “Novaya Gazeta Europe” ayrıca fəaliyyətini davam etdirir.