Azərbaycan Respublikası Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrdə Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı, insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan məlumatlara sərt reaksiya verib. Qurum sözügedən iddiaları ictimai rəyi manipulyasiya etməyə yönəlmiş dezinformasiya kimi qiymətləndirib.
MSNews.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının oktyabrın 22-də yaydığı açıqlamada bildirilib.
Ayrı-ayrı siyasi və ictimai şəxslərin belə məlumatların yayılmasında iştirakı da tənqid olunub. Şura əsassız iddiaların təhqiramiz ifadələrlə təqdim edilməsini ictimai məsuliyyətə zidd və auditoriyaya təsir imkanlarından sui-istifadə kimi qiymətləndirib.
Qurum Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyərək media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa çağırıb.
Eyni zamanda, vətəndaşlara sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmaq, onların doğruluğunu etibarlı mənbələrdən yoxlamaq və dezinformasiyanın yayılmasına vasitəçi olmamaq tövsiyə edilib.
Qeyd edək ki, Media və Yayım Şurası oktyabrın 15-də Səhiyyə Nazirliyi ilə birgə açıqlamasında tibb müəssisələrində hicaba qadağa qoyulması barədə yayılan sənədin saxta olduğunu da bildirmişdi.