Polşanın Ukraynaya böyük həcmli hərbi yardım paketinin çatdırılmasını dayandırdığı barədə məlumat yayılıb. İddiaya səbəb Lvov Vilayət Şurasının 2027-ci ili Ukrayna Üsyançı Ordusu (UPA), Roman Şuxeviç və Oleq Oljiçin xatirəsinə həsr etmək qərarı olub. Lakin Polşa Müdafiə Nazirliyi hərbi yardımın dayandırıldığı barədə məlumatı rəsmi şəkildə təkzib edib.
MSNews.az xəbər verir ki, Ukraynanın “Yevropeyska Pravda” nəşri hökumətdəki anonim mənbəsinə istinadən Polşanın hərbi yardım paketinin göndərilməsini müvəqqəti dayandırdığını yazıb.
Mənbənin sözlərinə görə, Lvov Vilayət Şurası oktyabrın 20-də mübahisəli qərarı qəbul edərkən Polşa Ukraynaya genişmiqyaslı hərbi yardım paketi hazırlayırmış.
“Bu məsuliyyətsiz addım nəticəsində yardım paketinin çatdırılması dayandırılıb. Hazırda yaranmış problemin həlli üçün qapalı diplomatik kanallar vasitəsilə intensiv iş aparılır”, – deyə mənbə bildirib.
Müdafiə nazirinin müavini Sezari Tomçık da Polşanın Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb. Bununla belə, Varşava Lvov Vilayət Şurasının qərarının ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyini etiraf edib.
Polşa rəhbərliyindən sərt reaksiya
Polşanın Baş naziri Donald Tusk Lvov Vilayət Şurasının qərarını Ukraynanın maraqlarına zidd addım adlandırıb.
“Bu, ağılsızlıqdır. Ukraynaya zərər vurur. Belə addımlar Ukraynaya pislik arzulayanların işinə yarayır”, – deyə Tusk bildirib.
Müdafiə naziri Vladislav Kosinyak-Kamış isə qərarın qəbuledilməz olduğunu və iki xalq arasında etimadı zəiflətdiyini vurğulayıb.
Mübahisənin tarixi səbəbləri
Polşanın etirazı İkinci Dünya müharibəsi dövründə UPA-nın fəaliyyəti ilə bağlıdır. Varşava Roman Şuxeviçin rəhbərlik etdiyi UPA-nı Volın və Şərqi Qalisiyada polyak mülki əhalisinə qarşı kütləvi qırğınlarda məsuliyyət daşıyan təşkilat hesab edir.
Polşa rəsmiləri bu tarixi şəxslərin dövlət səviyyəsində təbliğinin Ukrayna ilə barışıq prosesinə zərər verdiyini bildirirlər.
Ukrayna Xarici İşlər Nazirliyi isə Lvov Vilayət Şurasının qərarının mərkəzi hakimiyyət və diplomatlarla razılaşdırılmadan qəbul edildiyini açıqlayaraq onu qeyri-məhsuldar addım kimi qiymətləndirib.
Polşa xarici işlər nazirinin müavini Marçin Bosaçki bildirib ki, Ukrayna tərəfi həmin qərarın qüvvəyə minməyəcəyinə dair təminat verib. Qərar barədə məlumatın Lvov Vilayət Şurasının saytından çıxarıldığı da qeyd olunub.
Beləliklə, Polşanın Ukraynaya hərbi yardımı dayandırması barədə iddia rəsmi təsdiqini tapmayıb və Varşava tərəfindən təkzib olunub. Bununla belə, tarixi məsələlərlə bağlı yaranan fikir ayrılığı iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.