Yəmənin Ənsarullah (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinin binasına zərbə endirdiyini açıqlayıb. Hərəkat hücumun hədəfə birbaşa dəydiyini iddia etsə də, Səudiyyə Ərəbistanı hakimiyyəti binanın vurulduğunu hələlik təsdiqləməyib.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “NINA” məlumat yayıb.
Ənsarullah hərəkatının hərbi sözçüsü Yəhya Səri oktyabrın 22-də verdiyi açıqlamada son 48 saat ərzində Səudiyyə Ərəbistanına qarşı dörd hərbi əməliyyat keçirildiyini bildirib.
Onun sözlərinə görə, hücumlarda ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub. İlk əməliyyatın hədəfi Ər-Riyadda yerləşən Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin binası olub.
Hərəkatın iddiasına görə, Yanbudakı neft obyektinə endirilən zərbə yanğına, Dammam hava limanına hücum isə uçuşların dayanmasına səbəb olub.
Bununla belə, Müdafiə Nazirliyinin binasının birbaşa vurulması və Yanbudakı obyektə hücumun nəticələri barədə Səudiyyə Ərəbistanından müstəqil təsdiq yoxdur.
Son hücum iddiaları Yəməndəki husilərlə Səudiyyə Ərəbistanı arasında hərbi qarşıdurmanın yenidən kəskinləşdiyi bir vaxtda səsləndirilib.