Fransada dünyada ilk dəfə insanda Şamonda virusuna yoluxma faktı qeydə alınıb. Əvvəllər yalnız heyvanlar arasında yayıldığı düşünülən virus Lion şəhərində müalicə alan şəxsdə aşkarlanıb. Ağır immun çatışmazlığından əziyyət çəkən pasiyent oktyabrın əvvəlində həyatını itirib.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “Anadolu Agentliyi” Fransanın səhiyyə qurumlarına istinadən məlumat yayıb.
Fransanın Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin birgə açıqlamasına əsasən, virus Lion şəhərindəki xəstəxanada başqa ağır xəstəlik səbəbindən müalicə olunan kişidə müəyyən edilib. Pasiyentin immun sistemi ciddi şəkildə zəifləmiş vəziyyətdə olub.
Fransa rəsmiləri bildiriblər ki, pasiyentdə ölümündən əvvəl müşahidə olunan beyinlə bağlı ağırlaşmaların Şamonda virusu ilə əlaqəli olması yüksək ehtimaldır. Bununla belə, virusun ölümə birbaşa səbəb olub-olmadığı hələlik tam müəyyənləşdirilməyib.
Şamonda virusu nədir?
Şamonda virusu əsasən iribuynuzlu heyvanlara yoluxan və Orthobunyavirus cinsinə aid olan virusdur. O, ilk dəfə 1960-cı illərdə Nigeriyada müəyyən edilib, sonrakı dövrlərdə Afrika və Asiyanın bəzi bölgələrində heyvanlarda aşkarlanıb.
2026-cı ilin yayında virus ilk dəfə Avropada, o cümlədən Fransa, Almaniya və İsveçrədə qeydə alınıb. Heyvanlarda yüksək hərarət, ishal və süd məhsuldarlığının azalması kimi əlamətlərlə əlaqələndirilir.
Fransa səhiyyə qurumları hazırkı məlumatlara əsasən virusun ümumi əhali üçün ciddi sağlamlıq təhlükəsi yaratdığına dair sübut olmadığını bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, bu, indiyədək dünyada sənədləşdirilmiş ilk insan yoluxmasıdır və hadisənin ağır immun çatışmazlığı olan pasiyentdə qeydə alınması xüsusi əhəmiyyət daşıyır.
Hadisə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) məlumatlandırılıb. Yoluxmanın mənbəyini və virusun insan sağlamlığına mümkün təsirlərini müəyyənləşdirmək üçün tibbi, laborator və epidemioloji araşdırmalar davam etdirilir.