Novruzəli Yusubzadə: “Şərqi Aralıqda 12 mil böhranı yenidən gündəmə gələ bilər”

QAFSAM eksperti Novruzəli Yusubzadə Türkiyə-Liviya dəniz yurisdiksiyası sazişinin ratifikasiyasından sonra Yunanıstanın mümkün 12 mil addımını, Misirin mövqeyini və beynəlxalq məhkəmə ssenarisini təhlil edib.

55

Liviyanın Nümayəndələr Palatasının Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyası memorandumunu ratifikasiya etməsi Şərqi Aralıq dənizində uzun illərdir davam edən hüquqi və geosiyasi mübahisəni yenidən ön plana çıxarıb. Yunanıstan qərara artıq rəsmi şəkildə etiraz edib.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, bundan sonrakı əsas mübahisə Türkiyə-Liviya və Yunanıstan-Misir xəttinin bir-biri ilə toqquşan dəniz yurisdiksiyası iddiaları ətrafında gedəcək.

Türkiyə ilə Liviya arasında memorandum 2019-cu ildə, Yunanıstanla Misir arasında Müstəsna İqtisadi Zonanın delimitasiyasına dair saziş isə 2020-ci ildə imzalanıb. Hər iki sənəd BMT Katibliyində qeydiyyatdan keçib. Lakin bu qeydiyyat BMT-nin tərəflərdən birinin hüquqi mövqeyini digərindən üstün hesab etməsi demək deyil.

“BMT-də qeydiyyat sənədlərdən birinə avtomatik hüquqi üstünlük qazandırmır. Əsas mübahisə sərhədlərin hansı prinsiplərlə çəkilməsi və adaların delimitasiyada nə qədər təsirə malik olması üzərindədir”.

Rodos məsələsi niyə kritikdir?

Yusubzadənin fikrincə, Yunanıstanın əsas etirazlarından biri Rodos və digər adaların Türkiyə-Liviya delimitasiyasında nəzərə alınmamasıdır.

UNCLOS-un 121-ci maddəsinə görə, ümumi qaydada adalar da ərazi suları, MİZ və kontinental şelf yarada bilir. Lakin öz-özünə insan yaşayışını və ya iqtisadi həyatı təmin edə bilməyən qayalar MİZ və kontinental şelf yaratmır. Beynəlxalq məhkəmə praktikasında isə kiçik adalara delimitasiya zamanı hər zaman tam təsir verilməməsi nümunələri də mövcuddur.

“Yunanıstan adaların tam dəniz yurisdiksiyası yaratması prinsipini önə çəkir. Türkiyə isə Şərqi Aralıq və Egey kimi xüsusi coğrafiyalarda adalara tam effekt verilməsinin materik sahillərinin hüquqlarını qeyri-proporsional şəkildə məhdudlaşdırdığını düşünür”.

Yusubzadə qeyd edir ki, bu hüquqi yanaşmaların toqquşması Rodosun statusunu yenidən əsas mübahisə nöqtələrindən birinə çevirə bilər.

12 mil məsələsi yenidən gündəmə gələ bilər

Ekspertin fikrincə, daha təhlükəli ssenari Yunanıstanın Egey dənizində ərazi sularını hazırkı 6 mildən 12 milədək genişləndirməsi ola bilər.

UNCLOS-un 3-cü maddəsi dövlətlərə ərazi sularını maksimum 12 dəniz milinədək müəyyənləşdirmək hüququ verir. Türkiyə isə Egeyin xüsusi coğrafiyasını əsas gətirərək Yunanıstanın bunu birtərəfli şəkildə tətbiq etməsinə qarşı çıxır.

“12 mil məsələsi Türkiyə üçün sadə hüquqi mübahisə deyil. Ankara bunu Egeydə özünün açıq dənizə çıxışı, hərbi və iqtisadi fəaliyyəti ilə birbaşa əlaqələndirir”.

1995-ci ildə Türkiyə Böyük Millət Məclisində Yunanıstanın ərazi sularını 12 milə çıxarması halında hökumətə Türkiyənin həyati maraqlarını qorumaq üçün “hərbi baxımdan zəruri hesab ediləcək tədbirlər də daxil olmaqla” bütün səlahiyyətlərdən istifadə etmək çağırışı edilmişdi. Türkiyə diplomatiyasında bu məsələ uzun müddətdir “casus belli” mübahisəsinin əsasını təşkil edir. Ankara isə rəsmi mövqeyində problemin sülh yolu ilə həllini istədiyini bildirir.

Mübahisə məhkəməyə gedə bilərmi?

Yusubzadəyə görə, hərbi qarşıdurmanın alternativi beynəlxalq hüquqi mexanizmlərdir, lakin bunun özü də asan yol deyil.

“Tərəflər razılaşsalar, məsələ Beynəlxalq Ədalət Məhkəməsinə çıxarıla bilər. Problem ondadır ki, Türkiyə mübahisənin yalnız bir hissəsinin deyil, Egeydəki bütün qarşılıqlı problemlərin birlikdə həllini istəyir”.

Ekspert hesab edir ki, mümkün məhkəmə prosesində adaların tamamilə nəzərə alınmaması və ya əksinə bütün adalara tam təsir verilməsi kimi maksimum mövqelərdən daha çox, ədalətli delimitasiya və proporsionallıq prinsiplərinin ön plana çıxması mümkündür.

“Beynəlxalq məhkəmə praktikasına baxanda adətən tərəflərdən birinin maksimum tezisinin olduğu kimi qəbul edilmədiyini görürük. Rodos kimi böyük və məskunlaşmış adanın tamamilə yox sayılması çətin olduğu kimi, onun materik sahilləri ilə eyni çəkidə qiymətləndirilməsi də ayrıca mübahisə mövzusudur”.

Misirin mövqeyi ayrıca diqqət çəkir

Yusubzadə Misirin etirazının yalnız hüquqi sərhədlərlə izah edilməsinin yetərli olmadığını düşünür.

“Misir üçün məsələ nə qədər dəniz sahəsi əldə etməsindən daha genişdir. Türkiyənin Şərqi Aralıqda nüfuzunun genişlənməsi, Yunanıstanla münasibətlər, İsraillə yaxınlıq və ümumi regional sabitlik Qahirənin hesablamasında birlikdə rol oynayır”.

İsrail də Liviya parlamentinin qərarını açıq şəkildə tənqid edib. Bu isə Türkiyə-Liviya sazişinin artıq yalnız Ankara-Afina mübahisəsi deyil, daha geniş Şərqi Aralıq geosiyasətinin elementinə çevrildiyini göstərir.

Yusubzadənin qənaətinə görə, ratifikasiyadan sonra Türkiyə ilə Yunanıstan arasında birbaşa hərbi qarşıdurma qaçılmaz deyil, lakin 12 mil, Rodosun dəniz yurisdiksiyası, enerji kəşfiyyatı və mümkün beynəlxalq hüquqi proseslər Şərqi Aralıqda yeni gərginlik dövrünün əsas başlıqlarına çevrilə bilər.

“Türkiyə-Liviya sazişinin təsdiqlənməsi dosyeni bağlamadı, əksinə yeni mərhələni açdı. Bundan sonra əsas məsələ tərəflərin maksimum iddialarını hansı səviyyəyə qədər aparacağı və diplomatiyanın hərbi-siyasi gərginliyin qarşısını ala bilib-bilməyəcəyidir”.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti