Dünya tarixinin ən məşhur simalarından biri olan Kraliça Nefertiti, 3300 il əvvəl Misir fironu Axenatonun həyat yoldaşı olmuşdur və günümüzdə gözəllik, güc və sirr simvolu olaraq tanınır. “Gözəl gəldi” mənasını verən adı ilə məşhur Nefertiti, 1912-ci ildə alman arxeoloq Lüdviq Borxardtın rəhbərliyi altında aparılan qazıntılar nəticəsində tapılıb və 1913-cü ildə Berlinə gətirilib.
Büst hazırda UNESCO-nun Berlin Muzey Adası çərçivəsində fəaliyyət göstərən Neues Muzeyində nümayiş etdirilir.
Misirin yeni açılan Böyük Misir Muzeyinin qonaqları artıq keçən il Misir turizm və əntiqlər nazirinin təşəbbüsü ilə başlayan petisiyaya imza atırlar. Petisiyada bildirilir:
“Bu petisiya, Nefertiti büstünün Almaniyaya necə gəldiyi barədə dialoqu yenidən başladaraq, onun Qahirəyə qaytarılması üçün Almaniya rəsmilərindən hörmətli bir cavab almağa yönəlib.”
Almaniya mədəniyyət naziri və Federal Xarici İşlər Nazirliyi bildirir ki, Misirdən rəsmi geri qaytarılma tələbi alınmayıb. Prussiya Mədəni İrs Fondu isə mövqeyini dəyişməyib və büstün qanuni olaraq Berlinə gətirildiyini vurğulayır.
Misir tədqiqatçısı Monika Hanna isə qeyd edir ki, Lüdviq Borxardt büstün əhəmiyyətini bilərəkdən kiçik göstərmiş, onu sadəcə “rəngli bir şahzadə” kimi təsvir etmişdi. Alman tarixçisi Sebastian Konrad isə hüquqi qanunun özü ilə yanaşı, etik tərəflərin də nəzərə alınmalı olduğunu bildirir: “Bu qanun yalnız imperialist dövrün qeyri-bərabər güc münasibətləri altında mövcud ola bilərdi. Formal olaraq qanuni olsa da, bu gün perspektivindən legitim deyil.”
1925-ci ildə Misir hökuməti Almaniyanın Misirdə qazıntılar aparmasına mane olmaqla büstün geri qaytarılmasını tələb etmişdi. 1933-cü ildə nasist lideri Hermann Hörinq Misirin siyasi dəstəyini təmin etmək məqsədilə büstün geri qayraılmasına razılıq versə də, Adolf Hitler bunu əngəlləmişdi.
Almaniyada Nefertiti büstünün köçürülməsi məsələsi, kolonial dövr obyektlərinin qaytarılması baxımından Benin “Bronzes”nin Nigeriyaya qaytarılması nümunəsi ilə müqayisə olunur. Tarixçilər, büstün surətinin hazırlanaraq nümayiş etdirilməsinin də cəlbedici ola biləcəyini bildirirlər. Ekspertlər qeyd edir ki, Almaniyanın kolonial ədalətsizlikdən əldə etdiyi fayda əvəzinə, Nefertiti büstü Misirə qaytarılmalıdır.