Ədalət Verdiyev: “‘J-10CE’ Azərbaycan HHQ üçün uğurlu seçimdir”

Hərbi ekspert Ədalət Verdiyev “ADEX 2026” sərgisinin əhəmiyyəti, Xəzərdə təhlükəsizlik riskləri və "J-10CE" qırıcılarının Azərbaycan HHQ-yə mümkün töhfələri barədə danışıb.

707

Bakıda “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir. Tədbirlərdə Azərbaycanın yerli müdafiə sənayesi məhsulları ilə yanaşı, müxtəlif xarici istehsalçıların müasir silah və hərbi texnikaları nümayiş etdirilir.

MSNews.az sərgilərin əhəmiyyəti, Xəzər hövzəsində təhlükəsizlik məsələləri və Çinin “J-10CE” döyüş təyyarələrinin Azərbaycana mümkün tədarükü ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

– Ədalət müəllim, ilk növbədə “ADEX 2026” və “Securex Caspian” sərgilərinin keçirilməsini necə qiymətləndirirsiniz? Mövcud regional geosiyasi və təhlükəsizlik şəraitində bu sərgilərin hansı xüsusi əhəmiyyəti var?

– Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgiləri ölkəmiz üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində əldə etdiyimiz müsbət təcrübənin yerli silah və sursatların istehsalına tətbiq edilməsi, mövcud silah sistemlərinin real döyüş əməliyyatlarının tələblərinə uyğunlaşdırılması müsbət tendensiyadır.

Ənənəvi olaraq Bakıda keçirilən bu tədbirlərdə Azərbaycanın getdikcə artan müdafiə potensialı ilə yanaşı, dost, müttəfiq və tərəfdaş ölkələrin şirkətləri də iştirak edir.

“Başqa sözlə desək, silah axtaranlar da, silah almaq istəyənlər də, silah istehsal edənlər də bu gün Bakıdadır. Dünyada təhlükəsizlik və müdafiə sahəsində çalışan, bu istiqamətə maraq göstərən şirkət və şəxslərin əsas diqqəti Bakıya yönəlib”.

– Sərgidə nümayiş etdirilən bəzi silah və hərbi texnologiyalar Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi baxımından da diqqət çəkir. Hazırkı şəraitdə Azərbaycan üçün Xəzər hövzəsində hansı potensial təhlükəsizlik risklərini görürsünüz?

– Xəzər dənizi Azərbaycan üçün təhlükəsizlik baxımından çox mühüm əhəmiyyət daşıyır. Bildiyimiz kimi, Xəzərin həm şimalında, həm də cənubunda hərbi-siyasi gərginlik və döyüş əməliyyatları mövcuddur. Zaman-zaman fasilələr yaransa da, nə Rusiya-Ukrayna müharibəsində, nə də ABŞ-İran qarşıdurması ilə bağlı yekun razılaşma mövcuddur.

Buna görə də Azərbaycan əsas karbohidrogen ehtiyatlarını əldə etdiyi Xəzər dənizi hövzəsində özünə aid akvatoriyanın təhlükəsizliyini yüksək səviyyədə saxlamalıdır.

“Xəzərin təhlükəsizliyi təkcə hərbi məsələ deyil, eyni zamanda Azərbaycanın enerji və iqtisadi təhlükəsizliyinin mühüm elementidir. Buna görə də bu istiqamətdə imkanlarımızın daim genişləndirilməsinə ehtiyac var”.

Bu imkanların artırılması məqsədilə Azərbaycan Türkiyədən “Barbaros” universal sahil-mühafizə kompleksi əldə edib. Eyni zamanda həmin kompleks üçün “Roketsan” şirkətinin istehsalı olan “Atmaca” və digər raketlərin də alınması istiqamətində addımlar atılıb.

– Çin istehsalı “J-10CE” döyüş təyyarələrinin Azərbaycana mümkün tədarükü son dövrlərin diqqətçəkən mövzularındandır. Bu qırıcıların texniki və döyüş imkanlarını necə qiymətləndirirsiniz?

– Çinin “J-10CE” qırıcı təyyarəsi müasir döyüş təyyarələrindən biridir. Bu platforma hazırda Azərbaycanın müttəfiqi olan Pakistan Hərbi Hava Qüvvələri tərəfindən də istifadə olunur.

“Belə bir təyyarənin əldə olunması Azərbaycanın hava üstünlüyünü təmin etməsi baxımından kifayət qədər uğurlu seçim hesab edilə bilər”.

“J-10CE” müasir AESA radarı ilə təchiz olunub. Bundan başqa, təyyarənin müasir bort-elektron sistemləri hava döyüşlərində situasiya məlumatlılığını və döyüş imkanlarını artırır.

Mənim fikrimcə, “J-10CE” versiyasının Azərbaycan tərəfindən seçilməsində də məhz onun müasir hava döyüşü imkanları mühüm rol oynayır.

– “J-10CE”-lərin Azərbaycan Hərbi Hava Qüvvələrinin potensialına, xüsusilə Xəzər istiqamətində hava təhlükəsizliyinə hansı töhfəni verəcəyini düşünürsünüz?

– Bu qırıcıların Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş potensialına mühüm töhfə verəcəyini düşünürəm. Onların imkanları yalnız quru sərhədlərinin deyil, hava məkanının və dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində də istifadə oluna bilər.

Sərgidə də maraqlı məqamlardan birinin şahidi oldum.

“Bu gün sərgidə “J-10CE” təyyarəsinin üzərində Ali Baş Komandanın imzasını, quyruq hissəsində isə Azərbaycan bayrağını gördüm. Bunu həmin qırıcının gələcəkdə Azərbaycanın silahlanmasına qəbul edilməsinə dair simvolik mesaj kimi qiymətləndirmək mümkündür”.

Ümumilikdə, belə qırıcıların əldə olunması Azərbaycanın hava hücumundan müdafiə və hava üstünlüyü imkanlarını genişləndirə, eyni zamanda quru, hava və dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində Hərbi Hava Qüvvələrinin rolunu daha da gücləndirə bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.