Kanada və Türkiyə arasında tarixi addım: Strateji tərəfdaşlıq qurulur

Kanadanın Baş naziri Mark Karni Türkiyəyə ilk ikitərəfli rəsmi səfərini həyata keçirir. Ərdoğanla görüşdə müdafiə, energetika, ticarət və investisiya sahələrində strateji tərəfdaşlıq müzakirə olunacaq.

20
Kanadanın Baş naziri Mark Karni Türkiyəyə ilk ikitərəfli rəsmi səfərini həyata keçirir. Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək Karni müdafiə, energetika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi gözlənilir.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Oktyabrın 21–24-nü əhatə edən səfər Kanadanın hökumət başçısının Türkiyəyə ilk xüsusi ikitərəfli səfəridir. Karni səfər proqramı çərçivəsində Ankarada Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Ərdoğan və Karni arasında keçiriləcək danışıqlardan sonra müdafiə, energetika, iqtisadiyyat və diplomatik əlaqələrin inkişafını nəzərdə tutan birgə bəyannamənin imzalanması gözlənilir.

“Reuters”in Türkiyədəki diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, razılaşma çərçivəsində dörd əsas istiqamət üzrə komitələrin yaradılması və konkret fəaliyyət planlarının hazırlanması nəzərdə tutulur.

Türkiyə Kanada investisiyalarında maraqlıdır

Ankara xüsusilə müdafiə sənayesi, nüvə energetikası və dağ-mədən sektoruna Kanada sərmayələrinin cəlb edilməsinə əhəmiyyət verir. Energetika sahəsində danışıqların əsas mövzularından biri Kanadanın Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) ixracı və nüvə enerjisi üzrə əməkdaşlıq imkanlarıdır. Kanadanın CANDU şirkətinin Türkiyədə yeni atom elektrik stansiyasının tikintisində iştirakı da müzakirə oluna bilər. Müdafiə sahəsində isə pilotsuz uçuş aparatları, hərbi-dəniz texnologiyaları və birgə istehsal imkanlarına diqqət ayrılması gözlənilir.

Karni ABŞ-dən iqtisadi asılılığı azaltmağa çalışır

Kanada hökumətinin Türkiyə ilə münasibətləri genişləndirmək təşəbbüsü ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları fonunda həyata keçirilir.

Mark Karni qarşıdakı on il ərzində Kanadanın ABŞ-dən kənar ölkələrə ixracını ikiqat artırmağı hədəfləyir. Bu məqsədlə Ottava Avropa və Asiya ölkələri ilə iqtisadi tərəfdaşlıqları genişləndirməyə çalışır.

Türkiyə və Kanada liderləri 2026-cı ilin iyulunda Ankarada keçirilən NATO sammitində azad ticarət sazişi üzrə danışıqların başlanmasını elan ediblər.

Kanada Baş nazirinin ofisinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi son beş ildə təxminən 50 faiz artaraq 2025-ci ildə 4,3 milyard Kanada dollarına çatıb.

Karni Ankaradakı görüşlərdən sonra İstanbulda Türkiyənin işgüzar dairələrinin nümayəndələri və investorlarla danışıqlar aparacaq.

Səfərin əsas məqsədi Kanada və Türkiyə arasında iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirmək, münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti