Gürcüstanda sürücülər üçün yeni beynəlxalq imtahan sistemi tətbiq olunacaq

Gürcüstan peşəkar sürücülər və nəqliyyat menecerləri üçün IRU Examiner beynəlxalq imtahan və sertifikatlaşdırma sistemini tətbiq etməyə hazırlaşır. Yeni tələblər gələcəkdə ölkədaxili daşımaları da əhatə edə bilər.

21

Gürcüstanda peşəkar sürücülər və nəqliyyat menecerləri üçün beynəlxalq standartlara uyğun yeni imtahan və sertifikatlaşdırma sistemi tətbiq olunacaq. Yenilik ilkin mərhələdə beynəlxalq avtomobil daşımaları sahəsini əhatə edəcək, gələcəkdə isə ölkədaxili yük və sərnişin daşımalarına da şamil oluna bilər.

MSNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) oktyabrın 20-də yaydığı açıqlamada bildirilib. Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi peşəkar sürücülərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə “IRU Examiner” sistemini seçib.

Yeni sistem sürücülərin və nəqliyyat menecerlərinin peşəkar hazırlığını, nəzəri və praktiki imtahanlarını, eləcə də sertifikatlaşdırılmasını vahid beynəlxalq standartlar əsasında birləşdirəcək. Qiymətləndirmə mexanizmi Avropa İttifaqının və Avropa Nəqliyyat Nazirləri Konfransının (ECMT) müvafiq tələblərinə uyğunlaşdırılacaq.

Gürcüstanın “Rustavi 2” telekanalının məlumatına görə, sistemdə imtahan sualları, praktiki qiymətləndirmə meyarları və sertifikatlaşdırma prosedurları nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq standartların Gürcüstanın milli qanunvericiliyinə uyğunlaşdırılması mümkün olacaq.

Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyinin direktoru Bakur Mikadze bildirib ki, “IRU Examiner”-in tətbiqi ölkənin nəqliyyat sektorunda peşəkarlığın artırılması baxımından mühüm addımdır.

IRU-nun sertifikatlaşdırma və standartlar üzrə direktoru Patrik Filipp isə yeniliyin yol nəqliyyatında təhlükəsizliyin artırılmasına, ixtisaslı kadrların hazırlanmasına və beynəlxalq daşımalarda əlaqələrin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Gələcəkdə yeni peşəkar kvalifikasiya tələblərinin ölkədaxili yük və sərnişin daşımalarında çalışan sürücülərə də şamil edilməsi planlaşdırılır. Bununla belə, sistemin tətbiqinin dəqiq başlanma tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, yeni sistem adi minik avtomobili sürücüləri üçün sürücülük vəsiqəsi imtahanlarının dəyişdirilməsi demək deyil. Hazırkı təşəbbüs kommersiya daşımalarında çalışan peşəkar sürücülərin və nəqliyyat menecerlərinin ixtisaslarının qiymətləndirilməsinə yönəlib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.