Vyetnam gəmisinin batmasından sonra 48 nəfər xilas edilib

14

Cənubi Çin dənizində Vyetnama məxsus “Khôi Nguyên 18” yük gəmisinin batmasından sonra xilas edilənlərin sayı 48-ə çatıb, daha 14 nəfərin axtarışı davam etdirilir.

MSNews.az xəbər verir ki, gəminin göyərtəsində ümumilikdə 62 Vyetnam vətəndaşı olub. Çin tərəfinin son məlumatına görə, xilasetmə qüvvələri 47 nəfəri sudan çıxarıb, daha bir nəfər isə Vyetnam qüvvələri tərəfindən xilas edilib. Beləliklə, əvvəl açıqlanan 39 xilas edilən və 23 itkin rəqəmi sonrakı əməliyyatlar nəticəsində yenilənib.

Bu barədə “Sinxua”⁠ məlumat yayıb. 

“Khôi Nguyên 18” pis hava şəraitində Spratli arxipelaqındakı Yunşu, digər adı ilə Fiery Cross rifinin yaxınlığında qəzaya uğrayaraq batıb. Ərazi Çinin nəzarətində olsa da, Vyetnam və Filippin də daxil olmaqla bir neçə ölkənin ərazi iddialarının kəsişdiyi mübahisəli sularda yerləşir. 

Çin xilasetmə gəmisinin əməkdaşları ilk olaraq dənizdə kömək siqnalı və çoxsaylı şəxsin olduğu xilasedici sal görüblər. İlkin əməliyyat zamanı 29 nəfər, daha sonra ikinci saldan yeddi nəfər xilas edilib. Sonrakı mərhələlərdə balıqçı gəmiləri, helikopter və sahil mühafizəsi qüvvələri tərəfindən daha çox dənizçi tapılıb. 

Çinin Sansha dəniz axtarış-xilasetmə qurumunun məlumatına görə, Çin qüvvələri tərəfindən xilas edilən 47 nəfərin hamısı Vyetnam tərəfinə təhvil verilib. Xilas edilənlərin hamısının qəzaya uğrayan gəminin heyət üzvləri olduğu təsdiqlənib. “Global Times”⁠ son iki dənizçinin bazar günü gecə saatlarında tapıldığını bildirib. 

Hadisə yerində Çin və Vyetnama məxsus gəmilər, Çin xilasetmə helikopteri, eləcə də yaxınlıqdakı balıqçı gəmiləri axtarışı davam etdirir. Son məlumatlarda əməliyyata altı Çin və yeddi Vyetnam gəmisinin cəlb olunduğu bildirilir. 

Filippin Sahil Mühafizəsi də Vyetnamın müraciətindən sonra bölgəyə patrul gəmisi və təyyarə göndərib. “Associated Press”⁠ yazır ki, dənizdə hərəkət edən digər gəmilərə də itkin düşən şəxslərin tapılmasına yardım göstərilməsi barədə xəbərdarlıq edilib. 

Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsü Fam Thu Hanq gəminin ağır hava şəraitində batdığını bildirib. O, Çin qüvvələrinin operativ yardımına görə təşəkkür edib və itkinlərin tapılması üçün tərəflər arasında koordinasiyanın davam etdirilməsini istəyib. 

Təxminən 70 metr uzunluğunda olan “Khôi Nguyên 18” Vyetnam bayrağı altında üzən yük gəmisidir. İtkin düşən 14 nəfərin taleyi barədə hələlik əlavə məlumat verilməyib və axtarış-xilasetmə əməliyyatı davam edir.