Filippində bir cütlük güclü yağışların su altında qoyduğu katolik kilsəsində toy mərasimini keçirmək qərarından vaz keçməyib.
MSNews.az xəbər verir ki, Leian Lieza Qalanq və Jilbert Çiko sentyabrın 1-də Bulakan əyalətinin Haqonoy şəhərində yerləşən “Müqəddəs Vəftizçi İohan” kilsəsində nikaha daxil olublar.
Bu barədə “AFP” məlumat yayıb.
Məlumata görə, kilsənin daxilində suyun səviyyəsi bəzi yerlərdə dizdən yuxarı, hətta omba səviyyəsinə çatıb. Gəlin ağ gəlinlikdə suyun içindən keçərək mehraba doğru irəliləyib, bəy isə mərasim zamanı onun yanında olub.
Toy fotoqrafı Mikko Rey Alfonso bildirib ki, kilsə rəhbərliyi yuxarı ərazilərdən gələn sel suları səbəbindən mərasimin təxirə salınmasını tövsiyə edib. Lakin cütlük planını dəyişməyib. Onun sözlərinə görə, kilsə artıq təxminən bir aya yaxın müddətdə qismən su altında idi.
Şəraitə uyğun olaraq mərasim qısaldılmış formatda keçirilib. Gəlinin suda daha rahat hərəkət edə bilməsi üçün paltarının şleyfi də qısaldılıb. Toyda 15-dən az insanın iştirak etdiyi bildirilir.
Jilbert Çiko “AFP”yə açıqlamasında onların geyimlərinin islanmasına əhəmiyyət vermədiklərini deyib. Cütlük əvvəlcə toyunu dekabrda keçirməyi planlaşdırsa da, Yaxın Şərqdə çalışan bəyin ayağından zədə alaraq Filippinə daha erkən qayıtmasından sonra mərasimin tarixini önə çəkib.
Avqust ayında Filippinin şimal hissəsində normadan güclü mövsümi musson yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub. Məhz həmin yağışlar Haqonoydakı kilsənin də su altında qalmasına gətirib çıxarıb.