4 000 illik “Gelina” toy adəti Bolqarıstanda yenidən gündəmdə

Bolqarıstanın Ribnovo kəndində minilliklər boyu qorunmuş “Gelina” toy ritualı yenidən dünya mediasının diqqətini çəkib. Gəlinin üzünün ağ rənglə boyanması ənənəsi və üç günlük mərasim mədəni irs kimi izlənilir.

22

Bolqarıstanın cənub-qərbində, Qotse Delçev rayonuna bağlı Ribnovo adlı müsəlman kəndi uzun illərdir davam edən ənənəvi toy mərasimləri ilə yenidən beynəlxalq mətbuatın diqqətini çəkib.

Bu kiçik kəndin məşhur “Gelina” adlandırılan toy adəti 4000 illik tarixə malik olduğu hesab edilir və xüsusilə gəlinin üzünün ağ krem ilə boyanması ritualı ilə tanınır.

Kənddə yaşayan təxminən 3500 nəfər üçün mədəni miras səviyyəsində dəyərləndirilən bu mərasimlərdə toylar qış aylarında keçirilir, üç gün,  üç gecə davam edir. Toyların başlanğıcı adətən xına gecəsi ilə olur, yalnız qadınların qatıldığı mərasimdə gəlinin cehizi kəndin küçələrində sərgilənir və halaylarla əyləncə davam edir.

Toy mərasiminin son günü gəlinin üzünün ağ krem ilə boyanması və parlaq payetlərlə bəzədilməsi yerli inanclara görə onun evli qadın kimi simvolik yenidən doğulmasını təcəssüm etdirir. Sonra gəlin, gözləri bağlı halda, ata evindən çıxaraq gələcək həyat yoldaşının evinə aparılır. Bəzi akademik tədqiqatlar “Gelina” ritualının köklərinin Antik Yunan dövrünə, xüsusilə Miken sivilizasiyasına qədər uzandığını göstərir və Ribnovodakı üz boyama üsulu ilə qədim gəlin maskaları arasında oxşarlıqlar tapılıb.

Son illərdə bu qədim toy ənənəsi yalnız Bolqarıstan daxilində deyil, həmçinin xarici turistlər və mədəniyyət tədqiqatçıları arasında da maraq doğurur. Yerli icma bu mədəni irsi “açıq hava muzeyi” kimi qorumaq və UNESCO tərəfindən qeydə alınmasına nail olmaq ümidini ifadə edib.