Gürcüstanda avqustun 5-i axşam saatlarında ölkə miqyasında geniş elektrik kəsintisi baş verib, Tbilisi metrosunun fəaliyyəti müvəqqəti dayanıb.
MSNews.az xəbər verir ki, “Civil Georgia” elektrik enerjisinin yerli vaxtla saat 20:10 radələrində kəsildiyini, bərpa prosesinin isə saat 21:00-dan etibarən mərhələli başladığını yazıb. Bu, iyulun 24–25-dəki hadisələrdən sonra son iki həftədə qeydə alınan üçüncü ümummilli kəsintidir.
“Georgia Today” Gürcüstan Dövlət Elektrosisteminin açıqlamasına istinadən bildirib ki, İnquri Su Elektrik Stansiyasında avadanlıqların yoxlanılması zamanı enerji sistemi təcrid olunmuş rejimdə işləyib və bu, müvəqqəti kəsintilərə səbəb olub. Elektrik təchizatının tam bərpası istiqamətində işlər davam etdirilir.