Rusiya və ABŞ milli futbol komandaları arasında yoldaşlıq görüşü keçirilə bilər. Rusiya Futbol İttifaqı (RFS) Amerika tərəfi ilə mümkün qarşılaşmanın təşkili barədə danışıqlar apardığını təsdiqləyib.
MSNews.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov oktyabrın 22-də açıqlama verib. Onun sözlərinə görə, tərəflər artıq bir neçə dəfə əlaqə saxlayıblar və hazırkı vəziyyət müsbət qiymətləndirilir.
Bu barədə “Sport-Ekspress” nəşri Rusiyanın TASS agentliyinə istinadən məlumat yayıb.
“Biz ABŞ millisi ilə matçın keçirilməsi imkanını nəzərdən keçiririk. Bu məsələ ilə bağlı federasiya ilə dəfələrlə əlaqə saxlamışıq. Lakin danışıqların nəticəsini qiymətləndirmək hələ tezdir. Deyə bilərəm ki, hazırda vəziyyət kifayət qədər müsbətdir”, – deyə Mitrofanov bildirib.
RFS rəsmisi vurğulayıb ki, yekun razılıq əldə olunmadan və müvafiq sənədlər imzalanmadan danışıqların detalları açıqlanmayacaq. Mümkün qarşılaşmanın tarixi və keçiriləcəyi məkan hələlik müəyyənləşdirilməyib.
İki ölkə arasında futbol görüşünün təşkili məsələsi əvvəllər də gündəmə gəlib. “RBK” nəşrinin məlumatına görə, Mitrofanov iyun ayında da ABŞ tərəfi ilə əlaqələrin davam etdiyini açıqlamışdı.
Rusiya və ABŞ milli komandaları sonuncu dəfə 2012-ci il noyabrın 14-də Krasnodarda qarşılaşıblar. Həmin yoldaşlıq görüşü 2:2 hesablı heç-heçə ilə nəticələnib.