Ermənistanın Baş naziri Nikol Paşinyan yolu azaraq ölkə ərazisinə keçən Azərbaycan vətəndaşının geri qaytarılacağını bildirib. Ermənistanın Milli Təhlükəsizlik Xidməti də hadisəni təsdiqləyərək şəxsin Azərbaycana təhvil verilməsi üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.
MSNews.az xəbər verir ki, Paşinyan sərhəd insidentinə münasibət bildirərkən insanların təsadüfən dövlət sərhədini keçməsinin mümkün olduğunu vurğulayıb.
“Dünyada elə bir sərhəd, təmas xətti və ya cəbhə xətti yoxdur ki, insan onu keçə bilməsin. Şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. O, sərhədi keçib və biz onu geri qaytarmalıyıq”, – deyə Paşinyanın açıqlamasında bildirilir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb.
Qasımov Azərbaycanın Tovuz rayonunun Çatax kəndinin sakinidir. Ermənistan tərəfinin apardığı yoxlamalar nəticəsində onun yolu azaraq sərhədi keçdiyi müəyyən olunub.
Bu barədə Ermənistanın “İctimai Radiosu” və “Lent.az” məlumat yayıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da daha əvvəl məsələ ilə bağlı danışaraq sərhədin hər iki tərəfində insanların təsadüfən yolu azaraq qonşu ölkənin ərazisinə keçə biləcəyini bildirib.
Mirzoyan Azərbaycan və Ermənistanın belə hadisələrə konstruktiv yanaşdığını və oxşar vəziyyətlərin qarşılıqlı əməkdaşlıq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Hazırda Yaşar Qasımovun Azərbaycana faktiki təhvil verildiyi barədə məlumat yoxdur.