Cənubi Qafqaz informasiya təzyiqi altındadır – EKSPERTLƏRİN ŞƏRHİ

QAFSAM eksperti Novruzəli Yusubzadə və siyasi araşdırmaçı Pərviz Əliyev CNN və “The National Interest”də yayılan materialları Cənubi Qafqaz ətrafında artan geosiyasi mübarizə kontekstində şərh ediblər.

112

MSNews.az xəbər verir ki, son günlər xarici mediada Azərbaycan, Türkiyə və İran münasibətləri ətrafında yayılan materiallar ekspertlər tərəfindən Cənubi Qafqazda artan geosiyasi rəqabətin informasiya müstəvisində davamı kimi qiymətləndirilir.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, CNN-in Azərbaycanla bağlı iddiaları və “The National Interest”də dərc olunan “Why Turkey and Azerbaijan Are Falling Out” başlıqlı məqalə birlikdə dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu tip yazıların müxtəlif hədəfləri olsa da, əsas istiqamətlərdən biri Azərbaycanı mühüm qonşuları — Türkiyə və İranla münasibətlərdə qarşı-qarşıya qoymaqdır.

Ekspert bildirib ki, Azərbaycan-Türkiyə-İran üçbucağında münasibətlərin pozulmasına yönəlmiş informasiya kampaniyaları təsadüfi görünmür. Yusubzadənin fikrincə, region dövlətləri arasında etimadsızlığın artırılması kənar güclərin təsir imkanlarını genişləndirə bilər.

“Azərbaycanın Rusiya orbitindən kənarda güclənməsi bəzi dairələr tərəfindən həzm edilmir. Bu səbəbdən də ölkənin qonşuları ilə münasibətlərinə təsir göstərmək cəhdləri artır. Küsən dövlətləri idarə etmək də, bölmək də daha asandır”, — deyə QAFSAM eksperti vurğulayıb.

Yusubzadə qeyd edib ki, belə bir şəraitdə Azərbaycanın qonşu dövlətlərlə münasibətlərində daha ehtiyatlı, balanslı və konstruktiv xətt saxlaması vacibdir. Onun sözlərinə görə, regionun gələcəyi ayrılmaqda deyil, əksinə, daha sıx əməkdaşlıq və qarşılıqlı anlaşmadadır.

Siyasi araşdırmaçı Pərviz Əliyev isə məsələyə daha geniş geosiyasi prizma ilə yanaşıb. Onun fikrincə, Cənubi Qafqaz hazırda yalnız regional deyil, həm də qlobal güclərin maraqlarının toqquşduğu strateji məkana çevrilib.

Əliyev bildirib ki, Rusiya, Türkiyə, İran, İsrail, Çin, ABŞ və Birləşmiş Krallıq kimi aktorların maraqları Cənubi Qafqazda kəsişir. Bu maraqların mərkəzində isə təkcə enerji resursları deyil, həm də boru kəmərləri, dəmir yolları, rabitə kabelləri və gələcək logistika marşrutları dayanır.

Araşdırmaçının sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstandakı istənilən daxili qeyri-sabitlik bu səbəbdən avtomatik olaraq beynəlxalq əhəmiyyət qazanır. O hesab edir ki, CNN-in Azərbaycanla bağlı hesabatı da yalnız ayrıca jurnalist araşdırması kimi deyil, region ətrafında riskləri artıran daha geniş prosesin bir elementi kimi dəyərləndirilə bilər.

Pərviz Əliyev qeyd edib ki, əgər Azərbaycan İrana qarşı hərbi əməliyyatlarla açıq şəkildə əlaqələndirilməyə başlanarsa, Cənubi Qafqaz artıq Yaxın Şərq münaqişəsinin periferiyası kimi deyil, onun birbaşa davamı kimi qəbul edilə bilər. Bu isə regiondan keçən bütün infrastruktur xətləri üçün riskləri artırır.

Onun fikrincə, hazırkı mərhələdə mübarizə təkcə enerji və nəqliyyat uğrunda deyil. Söhbət Avrasiyada nisbətən təhlükəsiz qalan əsas dəhlizlərdən birinə nəzarət uğrunda gedən daha geniş rəqabətdən gedir.

“Qlobal böhran dərinləşdikcə müxtəlif oyunçular bu marşrutu ya nəzarətə götürməyə, ya da rəqiblərinin nəzarətinə keçməsinin qarşısını almağa çalışacaqlar. Sual artıq Cənubi Qafqazın böyük geosiyasi oyuna cəlb edilib-edilməyəcəyində deyil. Bu proses faktiki olaraq başlayıb”, — deyə Pərviz Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi CNN-də yayılan və Azərbaycan ərazisinin İrana qarşı hərbi-kəşfiyyat əməliyyatlarında istifadə edildiyini iddia edən məlumatları əsassız adlandırıb. “The National Interest”də yayımlanan məqalədə isə Azərbaycan-Türkiyə münasibətlərində Ermənistan, İsrail və İran faktorları fonunda müəyyən fikir ayrılıqlarının yarandığı iddia olunub.

Ekspertlərin ümumi qənaətinə görə, Cənubi Qafqazda informasiya müharibəsi və geosiyasi rəqabət gücləndikcə region dövlətləri üçün əsas məsələ soyuqqanlılığı qorumaq, qonşularla dialoq kanallarını açıq saxlamaq və kənar təzyiqlərin regional münasibətləri pozmasına imkan verməməkdir.