İran ABŞ hərbi təyyarələrinin Bolqarıstanda yerləşdirilməsi planına görə Sofiyaya xəbərdarlıq edib.
MSNews.az xəbər verir ki, “Reuters” İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Bolqarıstanı ölkə ərazisinin İrana qarşı ABŞ əməliyyatlarında istifadəsinə icazə verməməyə çağırdığını bildirib. Bəqayi belə bir addımın Sofiyanı “təcavüzkarların və qanun pozucularının şərikinə” çevirəcəyini deyib.
İran tərəfinin mövqeyinə görə, ABŞ-ın İrana qarşı hücumlarını asanlaşdıran logistika və ya əməliyyat dəstəyi “təcavüz və hərbi cinayətlərdə şəriklik” kimi qiymətləndirilə bilər. Bununla belə, Tehran Bolqarıstana qarşı konkret hansı siyasi və ya hərbi tədbirlərin görülə biləcəyini açıqlamayıb.
Radev hökumətin ABŞ-a məxsus səkkizədək havada yanacaqdoldurma təyyarəsinin Sofiyadan təxminən 260 kilometr cənub-şərqdə yerləşən Bezmer hərbi bazasında müvəqqəti yerləşdirilməsi üçün parlamentdən razılıq istəyəcəyini açıqlayıb.
Bolqarıstan hökuməti İranın xəbərdarlığını yumşaltmağa çalışaraq təyyarələrin yalnız logistika missiyalarında istifadə ediləcəyini bildirib. Radevin sözlərinə görə, Bolqarıstan ərazisindən Yaxın Şərqdə hücum əməliyyatlarının həyata keçirilməsi “qətiyyən müzakirə mövzusu deyil”, yanacaqdoldurma fəaliyyəti isə ölkənin hava məkanından kənarda aparılacaq.