Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksək səviyyəli siyasi və hərbi rəsmiləri bu gün — oktyabrın 5-də Ər-Riyadda Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin toplantısında bir araya gələcəklər.
MSNews.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, toplantıda ölkəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu təmsil edəcək. Görüşdə Pakistan və Səudiyyə Ərəbistanının müvafiq siyasi və hərbi rəhbərləri də iştirak edəcəklər.
Pakistanın nümayəndə heyətinə baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, müdafiə naziri Xavaca Asif, eləcə də Müdafiə Qüvvələrinin və Quru Qoşunlarının komandanı feldmarşal Asim Munir daxildir. Bu barədə “Dawn” Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Toplantının əsas gündəmində Yaxın Şərqdəki son proseslər, üç ölkənin ortaq təhlükəsizliyinə təsir edən regional hadisələr və müdafiə ittifaqının institusionallaşdırılması istiqamətində görülən işlər dayanır. Türkiyə XİN-in məlumatına görə, tərəflər bundan sonra atılacaq addımları da müzakirə edəcəklər.
“Reuters” yazır ki, görüş regionda təhlükəsizlik vəziyyətinin kəskinləşdiyi, xüsusilə Yəməndə husilərlə bağlı gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir. Tərəflərin regional proseslərlə yanaşı ittifaqın fəaliyyət mexanizmlərini də nəzərdən keçirəcəyi bildirilir.
Məkkə Birgə Müdafiə Sazişi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən 2026-cı ilin avqustunda imzalanıb. Sazişə əsasən, tərəflərdən birinə qarşı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir. İttifaqın Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası avqustun 31-də İstanbulda keçirilmişdi.
Bugünkü Ər-Riyad toplantısı isə üç ölkənin müdafiə mexanizminin praktiki və institusional əsaslarının formalaşdırılması baxımından növbəti yüksək səviyyəli görüşdür.