“Fortify Rights”: Myanma ordusu paramotor və girokopterlərdən istifadə edir

"Fortify Rights"-in hesabatına görə, Myanma ordusu mülki əhaliyə qarşı hava hücumlarında paramotor və girokopterlərdən geniş istifadə edir; onlarla hücum sənədləşdirilib.

20

Cənub-Şərqi Asiya mərkəzli insan haqları təşkilatı “Fortify Rights” Myanma ordusunun mülki şəxslərə və hərbi idarəetməyə qarşı qüvvələrə yönələn hava hücumlarında paramotor və girokopter kimi yüngül hava vasitələrindən getdikcə daha çox istifadə etdiyini açıqlayıb.

“Associated Press” agentliyinin “Fortify Rights”-in hesabatına istinadən yaydığı məlumata görə, ordu sırt motorlu paraşüt tipli paramotorlardan hərbi məqsədlərlə ilk dəfə 2024-cü ildə, son dərəcə yüngül hava aparatı olan girokopterlərdən isə 2025-ci ildən etibarən istifadə etməyə başlayıb.

Hesabatda bildirilir ki, bunlar vasitəsilə “mülki şəxsləri göydən hədəfə almağın yeni yolları” tapılıb; hücumlar zamanı pilotlar havadan sursat buraxır, bəzi hallarda isə hədəfə səssiz yaxınlaşmaq üçün paramotorun mühərrikini söndürürlər.

Hesabata əsasən, 2024-cü ilin dekabrı ilə 2026-cı il yanvarın 11-i arasında mülki əhaliyə qarşı 304 paramotor və girokopter hücumu qeydə alınıb. Qeyd olunur ki, hərbi çevrilişdən sonra ilk dəfə təşkil edilən və birinci mərhələsi 28 dekabrda başlayan seçkilər bu cür hücumların artmasına təsir göstərib. Hücumların əsasən alçaqdan uçuşa əlverişli, geniş və düz ərazilərdə cəmləşdiyi, həmin bölgələrin çoxunun hava müdafiə imkanları məhdud olan müxalif qüvvələrin nəzarətində olduğu vurğulanır.

Sənədləşdirilmiş ən ölümcül hadisənin 2025-ci ilin oktyabrında Saqainq bölgəsində baş verdiyi bildirilir. Paramotorlardan istifadə edilməklə seçkilərə qarşı etiraz edənlərin üzərinə sursat atılması nəticəsində azı 24 nəfər həlak olub. Saqainqdə qeydə alınan başqa bir hücumda isə girokopterin xəstəxananı hədəfə alması nəticəsində iki tibb işçisi həyatını itirib.

“Fortify Rights” hökumətləri paramotor və girokopterlərə aid hissələrin Myanmaya çatdırılmasının qarşısını almaq üçün sanksiya mexanizmlərini yenidən nəzərdən keçirməyə çağırıb.

Myanmada hərbi çevriliş 2020-ci il seçkilərində saxtakarlıq iddiaları fonunda 1 fevral 2021-ci ildə baş verib. Ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Kyi də daxil olmaqla çoxsaylı rəsmi şəxsləri saxlayıb və fövqəladə vəziyyət elan edib. Çevrilişə qarşı etirazlara silahlı müdaxilələr nəticəsində minlərlə insan həbs olunub, yüzlərlə nəfər həyatını itirib. Müstəqil qurumların məlumatlarına görə, çevrilişdən bəri ölənlərin sayı minlərlədir və on minlərlə şəxs saxlanılıb; ölkədə kütləvi etirazlar və hərbi məhkəmələr davam edir.