Suriya və “Hizbullah” Türkiyədə gizli danışıqlar aparıb

"Reuters"-in altı mənbəyə istinadən məlumatına görə, Suriya rəsmiləri ilə “Hizbullah” nümayəndələri Türkiyədə gizli görüş keçiriblər. Türkiyə və Suriya məlumatı təkzib edib.

62

Suriya hökumətinin rəsmiləri ilə Livanın “Hizbullah” təşkilatının nümayəndələri sentyabrda Türkiyədə gizli danışıqlar aparıblar. “Reuters”in altı mənbəyə istinadən yaydığı məlumata görə, bu, uzun müddət qarşıdurma vəziyyətində olmuş tərəflər arasında məlum olan ilk birbaşa görüşdür. Lakin xəbərin dərcindən sonra həm Ankara, həm də Dəməşq belə bir görüşün keçirildiyini təkzib edib.

MSNews.az xəbər verir ki, “Reuters”-ə danışan mənbələr arasında iki Suriya rəsmisi, bir ABŞ rəsmisi və “Hizbullah”a yaxın yüksəkvəzifəli Livan təhlükəsizlik rəsmisi olub. Görüşdə “Hizbullah” nümayəndələri ilə yanaşı, Suriyanın kəşfiyyat və Xarici İşlər Nazirliyinin rəsmilərinin iştirak etdiyi bildirilir.

Mənbələrin sözlərinə görə, görüş Türkiyənin təhlükəsizlik və kəşfiyyat strukturlarının təşəbbüsü ilə tərəflər arasındakı gərginliyi azaltmaq məqsədilə təşkil edilib. Danışıqlar əsasən qarşılıqlı təhlükəsizlik məsələlərinə həsr olunub.

“Reuters”in məlumatına görə, Suriya tərəfi “Hizbullah”a qruplaşmanın tərksilah edilməsi məqsədilə Livan ərazisinə hərbi müdaxilə etməyəcəyinə dair təminat verib.

Dəməşq isə bunun müqabilində “Hizbullah”dan sərhəddən qaçaqmalçılığın qarşısının alınmasına kömək etməyi və Suriya ərazisində, xüsusilə ölkənin cənubunda qaldığı iddia edilən gizli hücrələrini ləğv etməyi tələb edib. “Hizbullah” nümayəndələrinin bu tələblərə birbaşa cavab vermədiyi, lakin Suriyanın daxili işlərinə müdaxilə etməyəcəklərinə söz verdiyi bildirilir.

Mənbələr danışıqlarda təhlükəsizlik məsələləri üzrə müəyyən irəliləyiş olduğunu desələr də, yekun razılaşma əldə edilməyib və rəsmi sənəd imzalanmayıb. Görüşün Türkiyənin hansı şəhərində keçirildiyi də məlum deyil.

Xəbərin yayılmasından sonra Suriya İnformasiya Nazirliyi görüş barədə məlumatı rədd edərək “belə bir görüş baş tutmayıb” açıqlamasını yayıb.

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi də məlumatı təkzib edib. Ankara Suriyalı rəsmilərlə “Hizbullah” nümayəndələrinin Türkiyədə MİT-in ev sahibliyi ilə görüşməsi barədə iddiaları “tamamilə əsassız” adlandırıb və görüşün tarixi, yeri, məzmunu və iştirakçılarına dair məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.