“Chatham House” eksperti: Avropanın Türkiyəyə ehtiyacı artır

"Chatham House" eksperti Timoti Eş bildirib ki, Avropa təhlükəsizlik böhranı fonunda Türkiyənin hərbi gücünə və müdafiə sənayesinə daha çox ehtiyac duyur.

Britaniyanın nüfuzlu “Chatham House” beyin mərkəzinin elmi işçisi Timoti Eş Avropa təhlükəsizlik arxitekturasında Türkiyənin roluna dair diqqətçəkən açıqlamalar verib.

“Anadolu Agentliyi”nə danışan ekspert bildirib ki, Avropa Rusiya təhdidi və ABŞ təhlükəsizlik təminatlarının qeyri-müəyyənliyi fonunda Türkiyə ilə əməkdaşlığı zəiflətmək yox, əksinə, gücləndirmək məcburiyyətindədir.

Eşin fikrincə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Türkiyəni Rusiya və Çinlə eyni sırada “Avropaya təsir edən xarici güc” kimi təqdim etməsi ciddi strateji səhvdir. Ekspert bu açıqlamanı “qeyri-adi bəyanat” adlandıraraq vurğulayıb ki, Türkiyə hələ də NATO-nun sadiq müttəfiqi və Aİ-yə namizəd ölkədir. Onun sözlərinə görə, “Türkiyə hələ də Avropanın sadiq müttəfiqidir — türk əsgərləri Avropanın sərhədlərinin müdafiəsinə töhfə verir”.

Timoti Eş hesab edir ki, Avropanın hazırkı təhlükəsizlik böhranında Ankara əvəzedilməz oyunçulardan biridir. O bildirib ki, Türkiyə Avropa NATO-sunda ən böyük quru qoşunlarından birinə, inkişaf etmiş hərbi-sənaye kompleksinə və xüsusilə dron texnologiyaları üzrə ciddi ixtisaslaşmaya malikdir. Ekspertin sözlərinə görə, ABŞ-ın Avropaya təhlükəsizlik “çətiri” zəiflədiyi və ya qeyri-müəyyənləşdiyi bir şəraitdə Türkiyə Avropanın müdafiə boşluqlarını doldura biləcək əsas güclərdən biridir.

Eşin mövqeyinə görə, Brüssel Ankaraya qarşı köhnə siyasi tərəddüdlərlə hərəkət etməməlidir. Avropa İttifaqı Türkiyənin strateji əhəmiyyətini daha real qiymətləndirməli, Gömrük İttifaqının dərinləşdirilməsi, təhlükəsizlik əməkdaşlığı və Aİ-yə üzvlük perspektivi kimi mövzularda daha ciddi yanaşma ortaya qoymalıdır. Bu yanaşma yalnız Türkiyənin deyil, Avropanın öz təhlükəsizlik maraqları baxımından da vacibdir.

Ekspertlərin qiymətləndirməsinə görə, Aİ daxilində Türkiyə ilə bağlı yanaşma parçalanmış vəziyyətdədir. Bir tərəfdən, Brüssel Ankaranı təhlükəsizlik, müdafiə, miqrasiya, enerji və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaş kimi görür. Digər tərəfdən, siyasi tərəddüdlər və daxili fikir ayrılıqları Türkiyə ilə daha dərin inteqrasiyanın qarşısını alır. “Anadolu Agentliyi”nə danışan digər ekspert Rikkardo Qasko da bildirib ki, Avropanın müdafiə və iqtisadi strategiyadakı məhdudiyyətləri Türkiyə ilə əməkdaşlığı daha zəruri edir.

Bu kontekstdə Türkiyənin mövqeyi xeyli güclənib. Ankara NATO-nun ikinci böyük ordusuna, Qara dəniz, Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya istiqamətlərində geniş təsir imkanlarına malikdir. Avropanın Ukrayna müharibəsindən sonra yeni təhlükəsizlik mühiti qurmağa çalışdığı bir dövrdə Türkiyə həm hərbi imkanları, həm müdafiə sənayesi, həm də geosiyasi yerləşməsi ilə Aİ üçün daha vacib tərəfdaşa çevrilir.

Timoti Eşin əsas mesajı ondan ibarətdir ki, Avropa Türkiyəni kənarda saxlamaq lüksünə artıq sahib deyil. Onun qiymətləndirməsinə görə, “Türkiyə Avropanın müdafiəsinin ayrılmaz hissəsi olmalıdır”. Bu yanaşma Brüsselin Türkiyə ilə münasibətlərində yalnız normativ və siyasi mübahisələrdən deyil, real təhlükəsizlik ehtiyaclarından çıxış etməli olduğunu göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.