Səudiyyə Ərəbistanının Mədinə bölgəsində tərkibində perspektivli uran konsentrasiyaları olan təxminən 110 milyon ton filiz ehtiyatı aşkar edilib.
MSNews.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransında açıqlayıb.
“Reuters” Səudiyyə dövlət televiziyasına istinadən bildirir ki, söhbət 110 milyon ton təmiz urandan deyil, uran konsentrasiyaları olan filizdən gedir. Bu fərq ehtiyatın real uran miqdarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“CNN Arabic” nazirin açıqlamasına əsasən yazır ki, Mədinədə aşkarlanan filizdə uranla yanaşı nadir torpaq elementlərinin də perspektivli konsentrasiyaları müəyyən edilib. Əbdüləziz bin Salman ölkəsinin dinc nüvə proqramını beynəlxalq ictimaiyyətdən təcrid olunmuş şəkildə deyil, şəffaflıq və beynəlxalq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirmək istədiyini vurğulayıb.
Səudiyyə Ərəbistanı bir neçə ildir yerli uran və torium ehtiyatlarının araşdırılması proqramını həyata keçirir. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirir ki, layihənin məqsədlərindən biri ölkədə uran ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, yerli istehsal imkanlarının yaradılması və gələcək nüvə reaktorlarının yanacaq təminatına töhfə verməkdir.
Ər-Riyad eyni zamanda mülki nüvə energetikasını genişləndirməyi planlaşdırır. Səudiyyə Ərəbistanı və ABŞ 2026-cı ilin iyulunda mülki nüvə əməkdaşlığı üzrə razılaşma əldə edib. Razılaşma krallığın nüvə reaktorlarının yaradılması və nüvə yanacağı dövrəsinin müəyyən mərhələlərinin inkişaf etdirilməsi planları fonunda diqqət çəkib.