Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığında İran ətrafındakı gərginliyi, Qəzzadakı vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi avqustun 18-də məlumat yayıb. Görüş zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal proseslər də nəzərdən keçirilib.
Ərdoğan ABŞ ilə İran arasındakı gərginliyin azaldılması üçün diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Türkiyə lideri danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını və Ankaranın sülh səylərinə dəstəyini davam etdirəcəyini bildirib. “Reuters” də Ərdoğanın Trampa Tehranla diplomatik təmasların davam etdirilməsinin vacibliyini çatdırdığını yazır.
Türkiyə Prezidenti Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişinə də toxunub. Ərdoğanın sözlərinə görə, razılaşma üç ölkənin regional sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində güclü mövqeyini nümayiş etdirir.
Qəzza məsələsinə toxunan Ərdoğan sülh prosesinin ikinci mərhələsinə keçidin hədəfləndiyi bir vaxtda İsrailin fələstinlilərə qarşı əməliyyatlarının artdığını bildirib. O, Türkiyənin bölgədə davamlı sülhün təmin edilməsi və Qəzzanın yenidən qurulması istiqamətində atılacaq addımları dəstəkləməyə davam edəcəyini vurğulayıb.