Gürcüstan Anaklia dərin dəniz limanı layihəsinin reallaşdırılmasında Azərbaycan investisiyalarının rolunu artırmaq istəyir.
MSNews.az xəbər verir ki, Tbilisi layihənin maliyyələşdirilməsi və idarə olunması ilə bağlı gecikmələr fonunda Bakını potensial strateji investor kimi nəzərdən keçirir. Gürcüstan üçün Anaklia limanı Qara dənizdə yeni logistika mərkəzi, Azərbaycan üçün isə Orta Dəhliz marşrutunun Xəzərdən Qara dənizə qədər uzanan hissəsini gücləndirə biləcək mühüm infrastruktur layihəsi hesab olunur.
Layihə üzrə əsas tərəfdaş kimi Çin-Sinqapur konsorsiumu seçilsə də, yekun investisiya razılaşması hələ imzalanmayıb. “Georgia Today” yazır ki, 2024-cü ilin mayında Çin Kommunikasiya Tikinti Şirkətinin — CCCC-nin rəhbərlik etdiyi konsorsium Anaklia layihəsində 49 faizlik pay üçün qalib elan edilib, lakin tərəflər hələ də investisiya çərçivəsi üzrə danışıqları davam etdirirlər.
Gürcüstan hökuməti layihədə 51 faizlik nəzarət paketini saxlamağı planlaşdırır. “OC Media“-nın məlumatına görə, ilkin mərhələ üçün investisiya həcmi 600 milyon dollar səviyyəsində qiymətləndirilir və modelə əsasən, 51 faiz dövlətin, 49 faiz isə xarici investorun payına düşməlidir.
Layihə ətrafında qeyri-müəyyənliyi artıran amillərdən biri də büdcə ixtisarıdır. “Georgia Today”in məlumatına görə, 2026-cı il büdcəsində Anaklia limanı üzrə ayrılan vəsait 100 milyon lari azaldılaraq 50 milyon lariyə endirilib. Eyni mənbə yazır ki, dəniz dibinin dərinləşdirilməsi və dalğaqıran qurğunun tikintisinə Belçikanın “Jan De Nul” şirkəti cavabdehdir.
Bu fonda Azərbaycan faktoru layihə üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkələrindən biri kimi Xəzər dənizi üzərindən Mərkəzi Asiya yüklərini Gürcüstan və Türkiyə istiqamətinə birləşdirir. Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili də bildirib ki, Anaklia limanı yalnız Gürcüstan üçün deyil, bütün Orta Dəhliz ölkələri üçün strateji əhəmiyyət daşıyır və limanın işə salınması regionun nəqliyyat-logistika imkanlarını genişləndirəcək.
Azərbaycanın layihəyə mümkün qoşulması Bakı limanı — Ələt ilə Anaklia arasında logistika əlaqəsini gücləndirə bilər. Bu halda Xəzər dənizi üzərindən gələn yüklərin Gürcüstan vasitəsilə Qara dənizə çıxışı daha sistemli formada təşkil oluna bilər. Ekspertlər hesab edirlər ki, Azərbaycan yalnız kapital deyil, həm də liman idarəçiliyi, multimodal daşımalar və Orta Dəhliz üzrə praktiki təcrübə təqdim edə bilər.
Rəsmi Tbilisi Anaklia limanının birinci mərhələsini 2029-cu ilə qədər tamamlamağı hədəfləyir. Baş nazir İrakli Kobaxidze layihə üzrə danışıqların davam etdiyini və ilk mərhələnin 2029-cu ildə başa çatdırılmasının planlaşdırıldığını bildirib.
Bununla belə, Azərbaycanın layihəyə strateji investor və ya terminal ortağı kimi daxil olması ilə bağlı yekun qərar hələ açıqlanmayıb. Mövcud vəziyyətdə Anaklia limanının gələcəyi Çin konsorsiumu ilə razılaşmanın taleyi, Gürcüstanın dövlət maliyyələşdirməsi və Orta Dəhliz ölkələrinin, xüsusilə Azərbaycanın layihəyə real marağından asılı olacaq.