Türkiyədə İsraillə əlaqəli olduğu bildirilən beynəlxalq investisiya fırıldaqçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İstanbul və Muğlada aparılan əməliyyatlar nəticəsində saxlanılan şübhəlilərin sayı son məlumatlara əsasən 213 nəfərə çatıb. Onlardan 9-u İsrail vətəndaşıdır.
MSNews.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürləkin açıqlamasına əsasən, sentyabrın 18-də 286 ünvanda eyni vaxtda axtarışlara başlanılıb. Əməliyyat İstanbul Baş Prokurorluğunun apardığı dörd istintaq çərçivəsində, polis, Milli Kəşfiyyat Təşkilatı və İnterpolun iştirakı ilə həyata keçirilib.
İstintaqın məlumatına görə, şəbəkə internetdə valyuta bazarı və kriptovalyutalara investisiyadan yüksək gəlir vəd edən reklamlar yayımlayıb. Şübhəlilərin nəzarətində olduğu bildirilən platformalarda istifadəçilərə saxta qazanc göstəriciləri təqdim edilib. Zərərçəkənlər pullarını çıxarmaq istədikdə isə onlardan vergi və hesabın blokdan çıxarılması adı altında əlavə ödənişlər tələb olunduğu iddia edilir. Türkiyə rəsmiləri araşdırılan şirkətlərin sahibləri və son benefisiarları arasında İsraillə əlaqəli şəxslərin üstünlük təşkil etdiyini bildiriblər.
Araşdırma çərçivəsində 1,5 milyard Türkiyə lirəsi dəyərində əmlaka, 80 avtomobilə və 12 daşınmaz əmlak obyektinə həbs qoyulub. Bank, şirkət və kriptoaktiv hesabları da bloklanıb.
Sentyabrın 21-də yayılan son məhkəmə məlumatına görə, saxlanılan 213 nəfərdən 133-ü barəsində həbs qətimkan tədbiri seçilməsi, 56 nəfər barəsində isə məhkəmə nəzarəti tətbiq olunması istənilib. Daha 24 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Şübhəlilərə qarşı irəli sürülən ittihamlar üzrə yekun məhkəmə hökmü açıqlanmayıb.