Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin “Aptar” qrupuna daxil olan “Aptar Vladimir” müəssisəsinin müvəqqəti idarəetməyə verilməsi barədə fərman imzalayıb. Zavodun idarəçiliyi Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevin rəhbərlik etdiyi “Logika moloka” şirkətinə həvalə olunub.
MSNews.az xəbər verir ki, sentyabrın 21-də imzalanmış fərmana əsasən, “Aptar Vladimir” MMC-nin nizamnamə kapitalındakı 100 faizlik payı “Eych end En” səhmdar cəmiyyətinin müvəqqəti idarəetməsinə verilib. Bu şirkət “Logika moloka” adı ilə fəaliyyət göstərir. Fərman dərc edildiyi gündən qüvvəyə minib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Vladimir vilayətində yerləşən “Aptar Vladimir” zavodu dərman, kosmetika və məişət məhsulları üçün plastik qablaşdırma, qapaq və dozalama sistemləri istehsal edir. Müəssisənin birbaşa sahibi Fransada qeydiyyatdan keçmiş “Aptar Europe Holding” şirkətidir. Həmin şirkət isə baş ofisi ABŞ-də yerləşən “Aptar Group”a daxildir.
“Logika moloka”nın baş direktoru Yakub Zakriyevdir. O, 2023-cü ildə Fransanın “Danone” şirkətinin Rusiyadakı biznesinin müvəqqəti dövlət idarəetməsinə verilməsindən sonra həmin müəssisələrin rəhbərliyinə təyin olunmuşdu. “Danone” sonradan, 2024-cü ildə Rusiyadakı biznesini satıb.
Yeni fərman “Aptar Vladimir”in müvəqqəti idarəçiliyini dəyişir; zavodun mülkiyyətinin birdəfəlik yeni sahibə keçdiyi barədə qərar deyil. Sənəddə xarici sahibə kompensasiya ödənilməsi və ya müvəqqəti idarəetmənin nə vaxt başa çatacağı barədə məlumat göstərilmir.