Risk hesabatları xəbərdarlıq edir: 2026-cı ildə dünyanı nə gözləyir?

2026-cı il üçün qlobal risklər və geosiyasi təlatümlər nəyi göstərir? CFR və Chatham House-un hesabatları, iqtisadi və hərbi münaqişə proqnozları, ekspertlərin — Natiq Cəfərli, Novruzəli Yusubzadə, Asif Nərimanlı və Üzeyir Cəfərovun — qiymətləndirmələri MSNews.az-da.

93

Son günlər dünyanın aparıcı analitik və strateji düşüncə mərkəzləri — ABŞ-da fəaliyyət göstərən Xarici Əlaqələr Şurası (Council on Foreign Relations  – CFR) və Böyük Britaniyada yerləşən Chatham House (Royal Institute of International Affairs) daxil olmaqla bir sıra beynəlxalq qurumlar 2026-cı il üçün Risk Hesabatlarını açıqlayıblar. Hesabatlarda qlobal təhlükəsizlik mühiti, iqtisadi risklər, geosiyasi qarşıdurmalar və yeni müharibə ehtimalları əsas narahatlıq doğuran mövzular kimi önə çıxır.

MSNews.az bu hesabatlara Azərbaycanlı ekspertlərin münasibətini öyrənib.

“Üçüncü Dünya Müharibəsi artıq hibrid formada gedir”

Natiq Cəfərli

ReAl Partiyasının sədri Natiq Cəfərli hesab edir ki, qlobal münaqişələr artıq klassik müharibə modelindən kənara çıxıb:

“Əvvəla onu qeyd edim ki, III Dünya Müharibəsi çoxdan gedir və bu, Birinci və İkinci Dünya müharibələri kimi klassik müharibə deyil, daha çox hibrid və qarışıq xarakter daşıyır. İstər Rusiya–Ukrayna müharibəsi olsun, istər Afrikadakı toqquşmalar, istər Venesuela ətrafında gərginlik, istər Hindistan–Çin münasibətləri, Pakistan–Hindistan münaqişəsi, Tayvan böhranı — bütün bunlar Üçüncü Dünya Müharibəsinin hibrid formada getdiyini göstərir”.

Natiq Cəfərli qarşıdakı dövrdə əsas risk mənbəyinin iqtisadi təlatümlər olacağını vurğulayır:

“Avropa Birliyi iqtisadi tənəzzüldədir, Rusiyanın iqtisadiyyatında daralmalar müşahidə olunur, ABŞ iqtisadiyyatı gözləntilər çərçivəsində artmır, Çində isə ciddi struktur problemləri yaşanır. Daxili tələbata əsaslanan böyümə modeli artıq işləmir, tikinti sektorunda böyük balonlar formalaşıb və onların partlama və ya çökmə ehtimalı var”.

Ekspert enerji bazarlarına da diqqət çəkir:

“Neftin qiymətində ciddi düşüş ehtimalı var ki, bu da mühüm siyasi dəyişikliklərə səbəb ola bilər. Bununla yanaşı, pozitiv məqamlar da mövcuddur. Rusiya–Ukrayna müharibəsinin gələn ilin əvvəlində sülhlə yekunlaşacağına dair gözləntilər kifayət qədər yüksəkdir”.

Natiq Cəfərli ABŞ-ın yeni xarici siyasət kursuna da işarə edir:

“ABŞ-ın bir neçə həftə əvvəl elan etdiyi yenilənmiş “Monro doktrinası” göstərir ki, Vaşinqton hərbi-siyasi toqquşmalardan yayınmağa çalışacaq. Çinlə rəqabət daha çox iqtisadi müstəvidə aparılacaq. Bütün bunları nəzərə alsaq, gələn il böyük müharibələrdən çox iqtisadi və sosial təlatümlərin yaşanacağı ehtimalı yüksəkdir”.

“Beynəlxalq sistem aşınır, müharibə qaçılmaz mərhələyə yaxınlaşır”

Novruzəli Yusubzadə

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Novruzəli Yusubzadə isə 2026-cı ilin münaqişələr baxımından kritik olacağını bildirir:

“2026-cı il dünyada münaqişə ocaqlarının alovlanması baxımından önəmli il ola bilər. Dövlətlərin sürətlə silahlanması və yeni texnoloji rəqabətin pik həddə çatması bunu göstərir”.

Onun sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsi yaxın perspektivdə də davam edəcək:

“Tərəflərdən heç biri nə hərbi, nə də diplomatik yolla istəklərinə nail ola bilməyib. Buna görə də münaqişənin yeni ildə də öz tempini qoruyacağı ehtimalı böyükdür”.

Ekspert İsrail–İran qarşıdurmasının yenidən alovlanma ehtimalını da yüksək qiymətləndirir:

“12 günlük müharibədə İsrail İranın bir çox sistemlərini sıradan çıxarsa da, Tehran onları bərpa etməyi bacardı. İran həmçinin təyyarə parkını və müdafiə sistemlərinin bir hissəsini yenilədi. Bunlardan əlavə, İran vurulan nüvə stansiyalarından başqa digər nüvə stansiyalarının qapılarını Beynəlxalq Atom Enerjisi üzrə Təşkilatına açdı. Nüvə obyektləri ilə bağlı qeyri-müəyyənlik və silahlanma yarışı bu münaqişənin yenidən alovlanacağını göstərir”.

Novruzəli Yusubzadə Koreya yarımadası, Hindistan–Çin sərhədi və Tayvan məsələsində isə irimiqyaslı müharibə ehtimalını nisbətən aşağı hesab edir.

“Üçüncü Dünya Müharibəsi qaçılmazdır. Beynəlxalq sistem sürətlə aşınır. Yeni yüksələn güclər və nisbətən zəifləyən superdövlətlər var. Bu da yeni müharibə olmadan yeni sistemin qurulmasını mümkünsüz edir. Mövcud sistemdə nə BMT, nə də heç bir güc təkbaşına sistemi ayaqda saxlaya bilmir”.

Çin–Hindistan, Tayvan və Koreya yarımadası: eskalasiya riski nə qədər realdır?

Asif Nərimanlı

Siyasi ekspert Asif Nərimanlı hesab edir ki, qeyd olunan regionlarda gərginlik mövcud olsa da, irimiqyaslı müharibə ehtimalı nisbətən aşağıdır:

“Hesab edirəm ki, qeyd olunan bölgələrdən Rusiya–Ukrayna müharibəsi və İsrail–İran gərginliyi daha böyük risklər daşıyır. Düzdür, Koreya yarımadasında, eləcə də Hindistan–Çin sərhədində mövcud gərginlik də toqquşmalara səbəb ola bilər. Eyni zamanda, Tayvan böhranını da bu siyahıya əlavə etmək olar”.

Asif Nərimanlıya görə, Çin üçün Tayvan strateji əhəmiyyət daşıyır, lakin Pekin hərbi eskalasiyadan yayınmağa çalışır:

“Çin Tayvanı nəzarətdə saxlamağa çalışır, lakin daxilində və sərhədləri yaxınlığında münaqişələrdən qaçmaq siyasəti yürüdür. İqtisadi planlar və hədəflər daha prioritetdir və bu baxımdan hər hansı münaqişə və ya eskalasiya ona sərf etmir. Çin hər nə qədər əzələ nümayiş etdirsə də, Tayvan məsələsinin qarşıdakı illərdə hərbi müstəviyə keçməsini istəmir”.

Eyni yanaşmanı ekspert Koreya yarımadasına da şamil edir:

“Bu düşüncəmi Şimali və Cənubi Koreya arasındakı gərginliyə də aid edirəm. Orada qarşıdurma ritorikası güclü olsa da, tərəflər irimiqyaslı müharibəyə getməkdə maraqlı deyillər”.

Hindistan–Çin sərhədinə gəldikdə, Asif Nərimanlı eskalasiya riskinin qarşısını alan siyasi mexanizmləri vurğulayır:

“Hindistan və Çin strateji rəqiblərdir. Lakin hər iki ölkə irimiqyaslı toqquşmalara maraqlı deyil və eskalasiya riskinin qarşısını almaq üçün kifayət qədər siyasi iradəyə malikdir. Son dövrlərdə Dehli və Pekin arasında müəyyən təmaslar da bunu göstərir”.

Avropa–Rusiya və İran–İsrail: ən böyük risk nöqtələri

Ekspertin fikrincə, qlobal gərginlik riskinin ən yüksək nöqtəsi Avropa–Rusiya münaqişəsidir:

“Rusiya–Ukrayna müharibəsinin davam etməsindən daha çox onun Avropaya sıçrama ehtimalı təhlükəlidir. ABŞ-ın prosesdən tədricən çəkilməsi Rusiyanın Avropaya qarşı daha sərbəst hərəkət etməsinə imkan yarada bilər”.

Asif Nərimanlıya görə, İran–İsrail qarşıdurması da eskalasiya riski daşısa da, qlobal müharibəyə çevrilmə ehtimalı nisbətən zəifdir:

“İranın nüvə proqramı rejim üçün taleyüklü məsələdir. Lakin İranı müdafiə edəcək real hərbi koalisiya yoxdur. Rusiya və Çin aktiv müdaxilədən çəkinəcək”.

Yekunda ekspert mövqeyini belə yekunlaşdırır:

“İndiki vəziyyət Birinci və İkinci dünya müharibələri arasındakı dövrü xatırladır. ABŞ öz ‘qınına’ çəkilir, Avropada millətçilik güclənir. Yaxın 1–2 il ərzində qlobal müharibə ehtimalı yüksək olmasa da, Avrasiyada ciddi geosiyasi sarsıntılar mümkündür”.

2026-cı il üçün qlobal və regional münaqişə riskləri artan templə davam edəcək

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov 2026-cı il üçün Risk Hesabatının bütün müddəaları ilə demək olar ki, razı olduğunu bildirir və əlavə edir ki, qeyd olunan münaqişə ocaqlarının ilkin qığılcımları artıq sıçramaqdadır.

“Rusiya–Ukrayna müharibəsi tam şiddəti ilə davam edir, Tayvan ətrafında gərginlik hələ qalmaqdadır. Hindistan–Pakistan münaqişəsi hələ ki, sakitləşsə də, yenidən alovlanma ehtimalı yüksəkdir”.

Üzeyir Cəfərov qeyd edir ki, region üçün xüsusilə önəmli risk mənbəyi İsrail–İran gərginliyidir:

“Son zamanlar İsrail İranla bağlı sərt ritorikaya üstünlük verir. ABŞ ilə birgə İranın hərbi və nüvə obyektlərinin məhv edilməsi yönündə məsləhətləşmələr aparılır. Bu potensial münaqişələr regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıda bilər”.

Ekspert beynəlxalq qurumların rolunu da tənqid edir:

“Bütün bu potensial müharibə ocaqları bir daha Birləşmiş Millətlər Təşkilatının ‘ölü’ bir quruma çevrildiyini göstərir. BMT mövcud münaqişələrin həlli mexanizminə malik deyil. Beləliklə, önümüzdəki dövrlərdə daha çox və fərqli münaqişə ocaqları meydana çıxa bilər. Məsələn, Tailand və Kamboca arasında baş verən sərhəd münaqişəsi buna əyani misaldır”.

Üzeyir Cəfərovun analizinə görə, 2026-cı il həm mövcud, həm də yeni geosiyasi risklərin yüksələcəyi il olacaq, bu da həm Avropa, həm Yaxın Şərq, həm də Asiya regionunda diqqət mərkəzindədir.