Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Danışıq zamanı Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.
Liderlər enerji, ticarət və xalqlar arasında əlaqələr də daxil olmaqla əsas sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər. Şahbaz Şərif Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının — WUF13-ün əhəmiyyətini xüsusi vurğulayaraq, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Prezident İlham Əliyev forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və WUF13-ün beynəlxalq şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib. Baş nazir Şahbaz Şərif vacib öhdəlikləri səbəbindən tədbirdə şəxsən iştirak edə bilməyəcəyini, lakin Pakistanın forumda yüksək səviyyədə təmsil olunacağını bildirib.
Telefon danışığı zamanı tərəflər regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə də fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın tərəflər arasında atəşkəsin təmin olunması və gərginliyin azaldılması istiqamətində vasitəçilik rolunu yüksək qiymətləndirib. Liderlər yaxın təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub və UN-Habitat tərəfindən Azərbaycan Hökuməti ilə birgə təşkil olunur.