Florentino Peres “Real Madrid”də seçki elan etdi

“Real Madrid” prezidenti Florentino Peres təcili mətbuat konfransında istefa iddialarını rədd edib və klubda yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

“Real Madrid”in prezidenti Florentino Peres klubun Direktorlar Şurasının iclasından sonra təcili mətbuat konfransı keçirib. Klubun rəsmi açıqlamasına görə, Peres mayın 12-də Madrid vaxtı ilə saat 18:00-da, Bakı vaxtı ilə saat 20:00-da “Ciudad Real Madrid”də jurnalistlər qarşısına çıxıb. 

Mətbuat konfransında əsas açıqlama klubda yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı olub. Peres istefa verəcəyi barədə yayılan iddiaları rədd edərək, Direktorlar Şurasından seçki prosesinə başlamağı xahiş etdiyini bildirib. O, hazırkı rəhbərliyin də seçkidə iştirak edəcəyini açıqlayıb.

Peres çıxışında “Real Madrid” ətrafında son günlər yayılan iddialara da münasibət bildirib. İspaniya nəhənginin prezidenti komandanın uğursuz mövsümü, mümkün məşqçi dəyişikliyi, media təzyiqi və klub daxilindəki vəziyyətlə bağlı sualları cavablandırıb. Peres istefa vermək niyyətində olmadığını bildirib və yeni seçkilərlə klub üzvlərinin mövqeyini öyrənmək istədiyini göstərib.

Mətbuat konfransı “Real Madrid”in uğursuz mövsümü fonunda xüsusi diqqət çəkib. Komandanın titul qazana bilməməsi, “Barselona” ilə rəqabətdə geridə qalması və baş məşqçi postu ətrafında yayılan söz-söhbətlər Peresin çıxışına marağı daha da artırmışdı. Bir sıra media orqanları tədbirdən əvvəl Joze Mourinyonun mümkün qayıdışı və ya Peresin istefası ehtimallarını gündəmə gətirmişdi.

Peres isə bu iddialara baxmayaraq, klub rəhbərliyindən çəkilmək niyyətində olmadığını nümayiş etdirib. Onun açıqlaması “Real Madrid”də yaxın dövrdə siyasi və idarəetmə baxımından yeni mərhələnin başlayacağını göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.