Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın hazırkı siyasi kursu ilə bağlı sərt açıqlama verərək, baş nazir Nikol Paşinyanın Qərbə yaxınlaşma xəttini Ukraynada Avromaydan dövrünün başlanğıcı ilə müqayisə edib. Volodin bu barədə “Telegram” kanalında yazıb və bildirib ki, Ermənistanda baş verən proseslər Moskvada ciddi narahatlıq doğurur.
Xəbəri “Vedomosti” nəşrinə istinadən təqdim edirik.
Volodinin sözlərinə görə, 9 May Qələbə Günü ərəfəsində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı Rusiya üçün “dostyana addım” sayıla bilməz. O, Zelenskinin tədbirə Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi dəvəti ilə gəldiyini iddia edib və bunu həm Rusiyaya, həm Rusiya vətəndaşlarına, həm də erməni xalqına qarşı qeyri-dost davranış kimi qiymətləndirib.
Duma sədri vurğulayıb ki, məsələ Ermənistanın daxili işlərinə müdaxilə deyil, “mənəviyyat və siyasi dürüstlük” məsələsidir. O, Rusiyanın uzun illər erməni xalqı ilə yaxın münasibətlər saxladığını, Rusiyada yaşayan ermənilərin bərabər hüquqlara malik olduğunu, dövlət strukturlarında çalışdığını və deputat seçildiyini xatırladıb. Volodin bu fonda Moskva ilə İrəvan arasında münasibətlərin bundan sonra necə inkişaf edəcəyini sual altına alıb.
“İstər-istəməz paralel yaranır: Ukraynada da hər şey məhz, belə başlamışdı. Bu, Ermənistanın sıravi vətəndaşlarına lazımdırmı?” — deyə Volodin bildirib. Onun bu açıqlaması Moskva ilə İrəvan arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşə biləcəyi fonunda səslənib.
Avropa Siyasi Birliyinin sammiti 4 may 2026-cı ildə İrəvanda keçirilib. Avropa Şurasının məlumatına görə, tədbirə Avropa Şurasının prezidenti Antonio Koşta və Ermənistanın baş naziri Nikol Paşinyan həmsədrlik edib. Sammit ilk Ermənistan–Avropa İttifaqı ikitərəfli görüşündən əvvəl baş tutub.
Rusiya daha əvvəl Ermənistanı Zelenskiyə “anti-Rusiya bəyanatları üçün platforma yaratmaqda” ittiham etmişdi. Kreml sözçüsü Dmitri Peskov İrəvanın anti-Rusiya mövqeyi tutmamasının Moskva üçün əsas məsələ olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyi də Ermənistanın Avropa İttifaqının “anti-Rusiya orbitinə” çəkildiyini iddia etmişdi.
Son illərdə Ermənistan-Rusiya münasibətləri xüsusilə 2023-cü ildə Qarabağda baş verən proseslərdən sonra gərginləşib. Ermənistan rəhbərliyi Rusiyanı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməkdə tənqid edib, paralel olaraq Avropa İttifaqı ilə əlaqələri dərinləşdirməyə başlayıb. 2026-cı ilin mayında keçirilən Ermənistan–Aİ sammiti İrəvanın Moskvanın təsirindən uzaqlaşaraq Avropaya yaxınlaşma siyasətinin mühüm diplomatik göstəricilərindən biri kimi qiymətləndirilir.