“The Insider” Ermənistan üzrə Rusiya şəbəkəsini açıqladı

“The Insider” Ermənistan seçkiləri ərəfəsində Rusiya xüsusi xidmət orqanlarının mümkün fəaliyyəti və bəzi müxalif fiqurların Moskva ilə əlaqələri barədə geniş araşdırma yayıb.

3

Rusiyanın müstəqil araşdırma nəşri “The Insider” Ermənistan siyasətində Rusiya xüsusi xidmət orqanlarının mümkün fəaliyyəti və bir sıra müxalif fiqurların Moskva ilə əlaqələrinə dair geniş araşdırma yayıb. Materialda iddia olunur ki, Kremlin son dövrdə Moldova və Macarıstandakı uğursuzluqlardan sonra əsas diqqəti Ermənistana yönəlib. Nəşrin yazdığına görə, məqsəd iyunun 7-nə təyin edilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsinin qarşısını almaqdır. 

Araşdırmada bildirilir ki, Ermənistan istiqamətində informasiya kampaniyasının koordinasiyası Rusiya Prezident Administrasiyasında yeni yaradılmış Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsi tərəfindən həyata keçirilir. “The Insider”in məlumatına görə, bu struktur daha əvvəl Dmitri Kozakın rəhbərlik etdiyi mədəni əlaqələr idarəsini əvəz edib. İdarəyə “Rosatom”la əlaqəli keçmiş məmur Vadim Titov rəhbərlik edir. Ermənistan üzrə birbaşa kuratorlar kimi isə Valeri Çernışov və onun müavini Dmitri Avanesovun adı çəkilir. Nəşr hər iki şəxsin təhlükəsizlik strukturları ilə keçmiş əlaqələrə malik olduğunu yazır.

Avanesov (solda) və Valeri Çernışov (ən sağda, əlində qovlu tutan şəxs)
Avanesov (solda) və Valeri Çernışov (ən sağda, əlində qovlu tutan şəxs)

“The Insider” iddia edir ki, Çernışov əvvəllər Abxaziyadakı Rusiya hərbi bazasında xidmət edib, daha sonra hərbi kəşfiyyatla əlaqəli fəaliyyət göstərib və prezident administrasiyasında əvvəlcə Gürcüstan, sonra isə Ermənistan istiqamətinə kuratorluq edib. Avanesovun isə Rusiya Strateji Raket Qüvvələrinin “Pyotr Velikiy” adına Hərbi Akademiyasını bitirdiyi, FSB-nin Moskva Yeni İnformasiya Texnologiyaları İnstitutunda milli təhlükəsizlik vəziyyətinin təhlili və proqnozlaşdırılması üzrə hazırlıq keçdiyi qeyd olunur.

Araşdırmada Rusiyanın Ermənistandakı diplomatik və “yumşaq güc” şəbəkələrinə də toxunulur. Nəşrin iddiasına görə, Qorcakov Fondu, Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutu, Rusiya Strateji Araşdırmalar İnstitutu, “Rus evi” və müxtəlif ekspert platformaları Ermənistanda Kremlə yaxın narrativlərin yayılmasında rol oynayır. “The Insider” yazır ki, Yerevandakı “Rus evi” əsasən gəncləri hədəfləyən tədbirlər, seminarlar və yay düşərgələri təşkil edir və bu proqramlarda Ermənistanın gələcəyinin Rusiya ilə bağlı olduğu mesajı önə çıxarılır.

Materialın ən diqqətçəkən hissələrindən biri Rusiyanın Ermənistandakı səfirliyində fəaliyyət göstərdiyi iddia olunan kəşfiyyat şəbəkəsi ilə bağlıdır. “The Insider” yazır ki, səfirlikdə ticarət nümayəndəsi kimi göstərilən Aleksey Mışlyavkin əslində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin — SVR-in Ermənistandakı rezidenti kimi fəaliyyət göstərir. Nəşrin məlumatına əsasən, Mışlyavkinin adı səfirliyin saytında görünməsə də, Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik siyahısında yer alır.

Araşdırmada iddia olunur ki, Mışlyavkinin şəbəkəsi Nikol Paşinyanın fəaliyyətini yaxından izləyir. Nəşr Paşinyanın 2018-ci il “məxməri inqilab”ından sonra Moskvanın Ermənistanda əsas hədəflərindən birinə çevrildiyini yazır və bildirir ki, Rusiya kəşfiyyatı ona “Boroda”, yəni “Saqqal” əməliyyat kod adı verib. “The Insider”in iddiasına görə, Rusiya xüsusi xidmət orqanları Paşinyana qarşı kompromat toplamağa çalışıb.

Materialda Rusiya səfirliyinin birinci katibi Sergey Kuçerukun adı da çəkilir. Nəşrin iddiasına görə, Kuçeruk diplomatik fəaliyyətə başlamazdan əvvəl FSB-nin Baltik Donanması və Kalininqrad vilayəti üzrə strukturlarında xidmət edib. “The Insider” yazır ki, o, Gümrüdəki Rusiya hərbi bazasında tez-tez görünür və orada agentura ilə görüşür. Mənbələrə istinadən bildirilir ki, Kuçeruk Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryana qarşı əməliyyat işində iştirak edən qrupun tərkibində olub.

Araşdırmanın ayrıca bölməsi Ermənistan müxalifəti ilə bağlıdır. “The Insider” milyarder Samvel Karapetyanı Kremlin mümkün siyasi dayaqlarından biri kimi təqdim edir. Nəşrin məlumatına görə, Karapetyan “Güclü Ermənistan” seçki blokunun yaradıcılarından biridir və blok qalib gələrsə, baş nazir postuna iddia etmək niyyətindədir. Materialda qeyd olunur ki, Karapetyan hazırda çirkli pulların yuyulması və hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamları ilə həbsdədir.

“The Insider” Karapetyanla bağlı xüsusi bir sənədə də diqqət çəkir. Araşdırmaya əsasən, 1999-cu ildə Kaluqada xarici pasport alarkən onun pasport faylında “iş yeri” qrafasında DİN qeydi kimi “ИЦ ФСБ” göstərilib.

Nəşrin izahına görə, bu qeyd yoxlama aparılacağı halda əvvəlcə FSB ilə əlaqə saxlanılmalı olduğunu bildirə bilər. “The Insider”ə danışan DİN əməkdaşı isə belə qeydlərin adətən FSB-nin nəzarəti altında işləyən əcnəbilər və ya məxfi məlumatçılar üçün istifadə olunduğunu deyib.

Araşdırmada “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan da “Kremlə yaxın müttəfiq” kimi təqdim olunur. Nəşr yazır ki, Tsarukyanın Rusiyada biznes maraqları var və o, Moskva vilayətində elit yaşayış layihələri ilə məşğul olan bir neçə şirkətin təsisçiləri sırasındadır. “The Insider”in məlumatına görə, 2019-cu ilin fevralında Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası Rusiyanın hakim “Vahid Rusiya” Partiyası ilə əməkdaşlıq protokolu imzalayıb.

Nəşr həmçinin iddia edir ki, Rusiya Prezident Administrasiyasının daha əvvəl ləğv edilmiş xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinə aid sızdırılmış materiallarda Tsarukyanın pasportunun surəti və onun 2017-ci il seçki kampaniyasına dair maliyyə sənədləri olub. Bu sənədlərdə “sahə işi”, kampaniyanın hazırlanması və “konsaltinq-operativ iş” üçün ayrılmış məbləğlər göstərildiyi bildirilir.

“The Insider”in araşdırması Ermənistanın parlament seçkiləri ərəfəsində yayıldığı üçün ölkədə siyasi gərginliyi daha da artıran material kimi qiymətləndirilir. Nəşr iddia edir ki, Moskva Paşinyanın Qərblə yaxınlaşma siyasətindən narazıdır və Ermənistanda Rusiya təsirini qorumaq üçün həm diplomatik, həm kəşfiyyat, həm də siyasi kanallardan istifadə edir. Bununla belə, materialda yer alan ittihamlar müstəqil şəkildə məhkəmə qərarı ilə təsdiqlənmiş fakt kimi deyil, jurnalist araşdırmasının iddiaları kimi təqdim olunur.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.