NATO-nun Baltik hava məkanının müdafiəsi missiyasında iştirak edən İtaliya qırıcısı sentyabrın 15-nə keçən gecə Litvanın hava məkanına daxil olmuş pilotsuz uçuş aparatını Kaunas yaxınlığında məhv edib. Litva hakimiyyəti PUA-nın partlayıcı daşıdığını bildirib, lakin aparatın mənşəyi hələ rəsmən müəyyənləşdirilməyib.
MSNews.az xəbər verir ki, Litvanın “LRT” telekanalının məlumatına görə, gecə yarısından az sonra ölkədə PUA ilə bağlı sarı səviyyəli mümkün hava təhlükəsi elan edilib və sakinlərin mobil telefonlarına xəbərdarlıq göndərilib. Sarı səviyyə vətəndaşlara sakit qalmağı, əvvəlcədən təhlükəsiz yer müəyyənləşdirməyi və şübhəli obyektlərə yaxınlaşmamağı tövsiyə edir.
Təxminən yarım saat sonra NATO qırıcıları PUA-nı havada məhv edib. Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinin məlumatına görə, aparat Belarus istiqamətindən ölkənin hava məkanına daxil olub və Kaunas yaxınlığındakı Pratkūnai kəndi ərazisində vurulub. Hadisə yerinə hərbi polis və digər təhlükəsizlik strukturları göndərilib.
“Reuters”-in məlumatına görə, PUA-nı NATO missiyasında xidmət edən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı vurub. İtaliyanın müdafiə naziri Quido Krozetto aparatın “böyük ehtimalla Rusiyadan” gəldiyini deyib. Bununla belə, Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, PUA-nın qalıqları araşdırıldıqdan sonra onun Rusiya mənşəli olub-olmadığı və hadisənin mümkün təxribat xarakteri barədə daha dəqiq nəticə çıxarmaq mümkün olacaq.
Kaunas həmçinin PUA-nın partlayıcı daşıdığını açıqlayıb. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib. Rusiya isə insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Litvada hazırda Baltik hava patrulu missiyasını İtaliya həyata keçirir. Litva Müdafiə Nazirliyi bildirir ki, İtaliya iyulun 31-dən Şaulyay aviabazasında dörd Eurofighter Typhoon qırıcısı yerləşdirib. NATO Baltik ölkələrinin hava məkanını Estoniya, Latviya və Litvanın 2004-cü ildə Alyansa qoşulmasından bəri fasiləsiz qoruyur.
Hadisə Baltik regionunda son aylarda PUA-ların NATO ölkələrinin hava məkanına daxil olması ilə bağlı insidentlərin artdığı bir vaxta təsadüf edir. NATO daha əvvəl də şərq cinahında hava məkanının pozulması hallarından narahatlığını açıqlayıb və inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərini gücləndirdiyini bildirib.