Küveytin rəsmi qurumları İran İslam İnqilabı Keşikçiləri Korpusu — SEPAH-la əlaqəli olduğu bildirilən şəxslərin ölkə ərazisinə dəniz yolu ilə daxil olmağa cəhd etdiyini açıqlayıb. Hadisənin Küveytin şimal-qərbində, İran və İraq sərhədləri yaxınlığında yerləşən strateji Bubiyan adası istiqamətində baş verdiyi bildirilir.
MSNews.az məlumatı “Reuters”-ə istinadən yayıb.
Küveyt Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan 4 nəfər SEPAH-a bağlı olduqlarını və Bubiyan adasına “Küveytə qarşı düşmənçilik fəaliyyəti” həyata keçirmək məqsədilə göndərildiklərini etiraf ediblər. Nazirlik hadisə zamanı Küveyt Silahlı Qüvvələrinin bir üzvünün yaralandığını da bildirib.
Məlumata əsasən, qrupun ümumilikdə 6 nəfərdən ibarət olduğu, onlardan 4-nün saxlanıldığı, 2 nəfərin isə qarşıdurma zamanı qaçdığı iddia olunur. Saxlanılanların SEPAH-ın dəniz və quru bölmələri ilə əlaqəli zabitlər kimi təqdim edildiyi qeyd olunur.
BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan hadisəni kəskin şəkildə pisləyib. BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında onun SEPAH üzvlərinin Bubiyan adasına “terror planı həyata keçirmək” məqsədilə daxil olması ilə bağlı iddiaları qınadığı və Əbu-Dabinin Küveytlə tam həmrəylik nümayiş etdirdiyi bildirilib.
Küveyt Xarici İşlər Nazirliyi də insidenti ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib və İran səfirini çağıraraq ona rəsmi etiraz notası təqdim edib. Küveyt həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə hüququnu saxladığını bəyan edib.
İran isə Küveytin iddialarını rədd edib. İran Xarici İşlər Nazirliyi saxlanılan şəxslərin adi dəniz patrul xidməti yerinə yetirdiyini, naviqasiya sistemində yaranan nasazlıq səbəbindən Küveyt sularına daxil olduqlarını bildirib. Tehran Küveytin açıqlamalarını “əsassız” adlandırıb və saxlanılan şəxslərə konsulluq girişinin təmin edilməsini tələb edib.
Hadisə Fars körfəzi regionunda təhlükəsizlik narahatlıqlarının artdığı bir dövrdə baş verib. Bubiyan adası strateji mövqeyi, liman layihələri və hərbi baxımdan həssas əhəmiyyəti ilə seçilir. Bu səbəbdən hadisə Küveyt-İran münasibətlərində yeni gərginlik mənbəyi kimi qiymətləndirilir.