ABŞ İranda onlarla hərbi hədəfə yeni zərbələr endirib

ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemləri, radarları, raket və pilotsuz uçuş aparatları infrastrukturu da daxil olmaqla onlarla hərbi hədəfə yeni zərbələr endirib.

12

MSNews.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “CENTCOM” iyulun 12-də yaydığı rəsmi açıqlamaya əsasən, müxtəlif ərazilərdəki hədəflər yüksək dəqiqlikli sursatlarla vurulub. Hücumların məqsədinin İranın Hörmüz boğazından keçən beynəlxalq kommersiya gəmilərinə hücum imkanlarını zəiflətmək olduğu bildirilib.

Açıqlamada İranın hava hücumundan müdafiə sistemlərinin, sahil radarlarının, raket və pilotsuz uçuş aparatları infrastrukturlarının, eləcə də kiçik hərbi katerlərin hədəfə alındığı qeyd olunub. Əməliyyatda ABŞ döyüş təyyarələri, hərbi gəmilər, birdəfəlik hücum dronları və ilk dəfə olaraq birdəfəlik dəniz dronlarından istifadə edilib.

“CENTCOM” Hörmüz boğazını dünya ticarəti üçün həyati əhəmiyyət daşıyan beynəlxalq dəniz dəhlizi adlandırıb və ABŞ qüvvələrinin kommersiya gəmilərinin sərbəst hərəkətini təmin etməyə hazır olduğunu bəyan edib.

“Associated Press” İran rəsmilərinə istinadən Hörmüzqan, Xuzestan və Mərkəzi vilayətlərində zərbələrin qeydə alındığını bildirib. Agentliyin məlumatına görə, hücumlar nəticəsində azı iki nəfər həlak olub. Sistan və Bəlucistan vilayətindəki zərbələr barədə məlumatlar isə İranın yarırəsmi mediasında yayılıb.

İran mediasında Bəndər-Abbas, Cask, Buşehr, Əhvaz, Xəndab, Məhşəhr, Behbəhan, Qeşm, Sirik və bir sıra digər ərazilərdə partlayışlar və zərbələr barədə xəbərlər verilib. “Report” “NourNews”a istinadən hücumların azı 13 şəhər və rayonun ərazisini əhatə etdiyini yazıb. Lakin açıqlanan bütün məkanlar və vurulan obyektlər barədə məlumatlar hələlik müstəqil şəkildə tam təsdiqlənməyib.

“The Guardian” İranın “IRNA” agentliyinə istinadən Məhşəhrdə su nasos stansiyasının vurulması nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin yaralandığını bildirib. Xuzestan rəsmiləri Əhvaz yaxınlığındakı iki nöqtənin də ABŞ qüvvələri tərəfindən hədəfə alındığını açıqlayıblar.

Yeni zərbələr İran qüvvələrinin Hörmüz boğazında kommersiya gəmisinə hücum etməsindən sonra həyata keçirilib. “Reuters” əvvəlki zərbə dalğasında ABŞ qüvvələrinin təxminən 140 İran hərbi hədəfini vurduğunu, üç gecə ərzində hücuma məruz qalan obyektlərin ümumi sayının 300-ü keçdiyini bildirib.

“CENTCOM”un məlumatına görə, İranın hücumuna məruz qalan Kipr bayraqlı “M/V GFS Galaxy” konteyner gəmisinin mühərrik bölməsinə ciddi ziyan dəyib, ekipaj üzvlərindən biri isə itkin düşüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu boğaz üzərində nəzarətin Tehrana məxsus olduğunu bildirsə də, Vaşinqton bu mövqeyi qəbul etmir.