ABŞ Prezidenti Donald Tramp Ukraynanın zərbələri nəticəsində Rusiyanın dizel yanacağı istehsal edən bir çox neft emalı zavodunun ən azı müvəqqəti olaraq sıradan çıxdığını bildirib. O, bu vəziyyəti şərh edərkən “təəssüf ki” ifadəsini işlədib və Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına çağırıb.
MSNews.az xəbər verir ki, Tramp sentyabrın 21-də “Truth Social” hesabında Rusiyanın Ukrayna ilə müharibə nəticəsində dizel istehsalı sənayesi üzərində nəzarəti itirdiyini iddia edib. “Onların dizel istehsal edən çoxsaylı zavodları partladılıb və ən azı müvəqqəti olaraq sıradan çıxıb”, – deyə ABŞ Prezidenti yazıb.
Tramp müharibədə hər ay əsasən hərbçilər olmaqla təxminən 25 min nəfərin öldüyünü də iddia edərək döyüşlərin başa çatdırılmasını istəyib.
Bu açıqlamadan bir neçə gün əvvəl, sentyabrın 18-də Tramp Rusiyaya qarşı yeni sanksiya qanununu imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, qanun Rusiyanın enerji və müdafiə sektorlarını, eləcə də sanksiyalardan yayınmaq üçün istifadə olunan neft tankerlərini hədəfləyir.
Həmin gün ABŞ Dövlət Departamenti Ukraynaya hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi, müvafiq avadanlıq və xidmətlərin daxil olduğu 2,68 milyard dollarlıq mümkün hərbi satışı təsdiqləyib. Bu qərar silahların artıq təhvil verildiyi deyil, satışın həyata keçirilməsinə icazə verildiyi anlamına gəlir.