ABŞ, Danimarka və Qrenlandiya sentyabrın 22-də Vaşinqtonun Arktika adasında hərbi mövcudluğunu genişləndirməsini nəzərdə tutan saziş imzalayıblar. Razılaşmaya əsasən, ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaq hərbi bazasını yenidən istifadəyə verməyi, şərq sahilindəki Mestersviqdə isə hərbi mövcudluq yaratmağı planlaşdırır.
MSNews.az xəbər verir ki, saziş ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin iştirakı ilə Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində imzalanıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yeni hərbi məntəqələrdən biri Qrenlandiyanın cənubundakı Narsarsuaq ərazisində yerləşəcək. ABŞ burada Soyuq müharibə dövründə hərbi baza saxlayıb, lakin obyekt 1950-ci illərdə bağlanıb. İkinci məntəqə isə adanın şərqindəki Mestersviqdə yaradılacaq. Hazırda bu ərazidən Danimarkanın xizək və it qoşquları ilə patrul xidməti həyata keçirən “Sirius” bölməsi istifadə edir.
Razılaşma ABŞ-nin Qrenlandiyadakı mövcud hərbi infrastrukturunu genişləndirməyə imkan verəcək. Danimarka və Qrenlandiya rəhbərləri əməkdaşlığın NATO çərçivəsində Arktikanın təhlükəsizliyinə xidmət etdiyini və Qrenlandiyanın suveren statusunu dəyişmədiyini bildiriblər. Yeni məntəqələrdə hərbi fəaliyyətin nə vaxt başlayacağı barədə dəqiq tarix açıqlanmayıb.
Soyuq müharibə dövründə ABŞ-nin Qrenlandiyada 17 hərbi obyekti olub. Son illərdə adada fəaliyyətini davam etdirən əsas ABŞ hərbi obyekti Pituffik Kosmik Bazası idi. Yeni saziş Narsarsuaq və Mestersviqdə də ABŞ hərbi mövcudluğunun yaradılmasına yol açır.