İran Ordusunun baş komandanı general-mayor Əmir Hatəmi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan edə biləcəyi barədə son açıqlamasına sərt reaksiya verib.
MSNews.az xəbər verir ki, İranın rəsmi “IRNA” agentliyinin məlumatına görə, Hatəmi jurnalistlər və media nümayəndələri ilə görüşündə Trampın sözlərini qəbuledilməz adlandırıb.
“ABŞ-ın cinayətkar prezidenti Hörmüz boğazını öz ərazisinin bir hissəsi elan etmək istədiyini deyir. Siz böyük səhv edirsiniz. Reaksiyaları gördükdən sonra bunun zarafat olduğunu dedilər. Hətta belə bir sözlə zarafat etmək də böyük səhvdir. Bura İrandır və onun sizi dayandıracaq müdafiəçiləri var”, – Hatəmi bildirib.
Qeyd edək ki, Tramp Nyu-Yorkda çıxışı zamanı İran üzərində qələbədən sonra Hörmüz boğazını “ABŞ ərazisi” elan edə biləcəyini söyləyib. “Anadolu Agentliyi” “The Wall Street Journal”ın Ağ Ev üzrə müxbiri Brayan Şvartsa istinadən yazıb ki, yüksək vəzifəli Ağ Ev rəsmisi bu ifadənin zarafat olduğunu və Trampın belə bir addımı müşavirləri ilə müzakirə etmədiyini bildirib.
Bundan əvvəl Tramp ABŞ-ın Hörmüz boğazı üzərində “tam nəzarətə” malik olduğunu da iddia etmişdi. “Reuters” avqustun 12-də Trampın ABŞ-ın boğaza nəzarəti saxlayacağını bildirdiyini yazıb. İran rəsmiləri isə Vaşinqtonun bu iddialarını rədd edir.
Hatəmi çıxışında Hörmüz boğazını İran üçün mühüm geosiyasi imkan adlandıraraq Tehranın bu üstünlükdən imtina etməyəcəyini və ölkənin müdafiəsi üçün bütün imkanlardan istifadə olunacağını vurğulayıb.