İranın paytaxtı Tehranda qadınlar üçün yeni hərbi təlim düşərgəsi fəaliyyətə başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təşkil etdiyi proqram çərçivəsində könüllü qadınlara odlu silahlardan istifadə və müxtəlif hərbi hazırlıq üsulları öyrədilir.
MSNews.az xəbər verir ki, noyabrın 10-da Tehranın Azadi meydanında təşkil olunan təlimlərdən görüntüləri “Euronews” yayımlayıb.

“Janfada” (“Vətən uğrunda fədakarlıq”) adlı proqramda qadınlara avtomat və snayper tüfənglərindən istifadə, hədəfə nişanalma, kəndirlə yüksəklikdən enmə və xüsusi troslarla hərəkət etmə bacarıqları öyrədilir.
Yayılan görüntülərdə qadın könüllülərin silahlarla məşq etdikləri, müxtəlif maneələri aşdıqları və hərbi təlimatçıların nəzarəti altında taktiki hərəkətlər yerinə yetirdikləri görünür.

Bu, Tehranda yaradılan ilk belə təlim mərkəzi deyil. Azadi meydanında açılan obyekt paytaxtda fəaliyyətə başlayan dördüncü könüllü hərbi hazırlıq mərkəzidir.

İran hakimiyyəti bu təşəbbüsü ABŞ və İsraillə hərbi qarşıdurma fonunda mülki əhalinin mümkün hücumlara hazırlığının gücləndirilməsi ilə əsaslandırır. Daha əvvəl Reuters oktyabrın 4-də Tehranın İmam Hüseyn meydanında da qadınların odlu silahlarla təlim keçdiyini xəbər vermişdi. Həmin təlimin 45 yaşlı iştirakçısı Rahilə Qədiri bildirib ki, müharibə şəraitində ailəsini və yaşadığı məhəlləni müdafiə etməyi öyrənmək onun qorxularını azaldır.

Təlimlər könüllülük əsasında təşkil edilir. Proqramın ölkədəki bütün qadınlar üçün açıq olduğu və ya iştirakçıların gələcəkdə birbaşa hərbi əməliyyatlara cəlb ediləcəyi barədə təsdiqlənmiş məlumat yoxdur.